Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əkrəm Əylisli Baş Prokurora müraciət etdi: "Mənimlə bağlı tədbir görün"

Məşhur yazıçı Əkrəm Əylisli 8 il əvvəl ona qarşı açılmış cinayət işi ilə əlaqədar baş prokuror Kamran Əliyevə açıq məktubla müraciət edib. Məktubda belə deyilir:

"Hörmətli cənab Baş Prokuror!

Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən mənə qarşı qaldırılan cinayət işinin (Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi, N 161230008) Bakı şəhər prokurorluğuna göndərilməsindən artıq 8 ildən çox  keçib. Əgər ortada həqiqətən cinayət işi varsa, istintaqın bu qədər uzadılmasına səbəb nədir?

Mən 87 yaşın içindəyəm, cənab Baş Prokuror! Tanınmış ziyalıyam. Azərbaycanın Əməkdar İncəsənət Xadimi, ölkənin yüksək "İstiqlal" ordeninin kavaleri, Azərbaycan oxucusunun sevgi və rəğbətlə qarşıladığı onlarla kitabın müəllifiyəm. Dünyanın 30-dan çox ölkəsində kitablarım nəşr edilib.

Bütün bunlara baxmayaraq, artıq 8 ildən çoxdur ki, sevdiyim vətənimdə sənədsiz və hüquqsuz yaşamağa məhkum edilmişəm. Şəxsiyyət vəsiqəmin Prokurorluq tərəfindən müsadirə edilməsi bir çox məişət məsələlərində mənim üçün ciddi problemlər yaradır.

Şəxsimə göstərilən belə bir münasibətin təkçə qeyri-qanuni deyil, həm də qeyri-insani və qeyri-əxlaqi olduğunu nəzərinizə çatdırmaqla, 8 ildən çox davam edən bu heyrətamiz istintaq süründürməçiliyinə nəhayət son qoymaq üçün tərəfinizdən təsirli tədbir görüləcəyinə inanmaq istəyirəm.

Hörmətlə: Əkrəm Əylisli". 

Xatırladaq ki, Əkrəm Əylislinin problemləri 2012-ci ildə, 80-ci illərin sonlarında Ermənistan-Azərbaycan münaqişəsinin başlanğıcını təsvir etdiyi "Daş yuxular" romanını dərc etdikdən sonra başlayıb.

2013-cü ildə o, "Möhtəşəm tıxac" trilogiyasını dərc edib, burada Azərbacanın sovet dövrünə aid və cari siyasi ənənələrini ifşa edib.

Bundan sonra Azərbaycanda yazıçıya qarşı təqiblər başlayıb, o, bütün mükafatlarından və imtiyazlarından məhrum edilib və satqın elan edilib.

2016-cı ilin martında Əkrəm Əylislinin Venesiyada keçirilən Beynəlxalq Yazıçılar Forumuna getməsinə icazə verilməyib və ona qarşı gömrük əməkdaşına qarşı zorakılıq ittihamı ilə cinayət işi açılıb.