Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb, "Taliban"ın azı 30 döyüşçüsü öldürülüb
27 Fevral 2026
Altı sərhədyanı əyalətdə Pakistan və Əfqanıstan Silahlı Qüvvələrinin toqquşmaları başlayıb.
Bu barədə "TOLO News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
İki ölkənin hərbçiləri arasında Nanqarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində atışma başlayıb.
Əfqan döyüşçülər əvvəlcə Nanqarhar vilayətinin Qoşta rayonunda və Kunar vilayətinin Dürand xətti yaxınlığında Pakistanın mövqelərini ələ keçiriblər.
Lakin Pakistanın hərbi qüvvələri əks-hücum zamanı əfqan hərbçilərini geri çəkilməyə məcbur edib.
"Əfqanıstan "Taliban"ı Hayber-Paxtunxvada Pakistan-Əfqanıstan sərhədi boyunca bir çox nöqtələrə təhrik edilmədən atəş açıb, buna dərhal və səmərəli cavab verilib", - Pakistanın İnformasiya və Radioyayım Nazirliyi "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirib.
Bəyanatda həmçinin qeyd olunub ki, Pakistan hərbçiləri "Taliban"ı Çitral, Xeybər, Mohmand, Kurram və Bacaur rayonlarından sıxışdırıb çıxarmağa davam edirlər.
İlkin məlumatlara görə, Əfqanıstan tərəfi ciddi itkilər verib, düşmənin çoxlu sayda postu, döyüşçülərin sığınacaqları və texnikası məhv edilib. İlkin məlumata görə, ən azı 30 əfqan əsgəri öldürülüb.
"Pakistan ərazi bütövlüyünün təmin edilməsi, eləcə də vətəndaşlarının təhlükəsizliyi və müdafiəsi üçün bütün zəruri tədbirləri görəcək", - qurumdan bildirilib.
Təhlükəsizlik qüvvələri "Qəzəb-lil-haqq" əməliyyatına başlayıb, nəticədə əfqan hərbçilərinin kvadrokopterlər vasitəsilə Pakistanın yoxlama-buraxılış məntəqələrinə hücum cəhdlərinin qarşısı alınıb.
Qeyd olunub ki, toqquşmalar zamanı yüngül və ağır silahlar, artilleriya, pilotsuz uçuş aparatları tətbiq edilib.