Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ədliyyə Nazirliyi Ələsgər Məmmədlinin xəstəxanaya yerləşdirilməsi haqqında müraciətə cavab vermir

Ədliyyə Nazirliyi və Penitensiar Xidmət Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin vəkillərinin onun xəstəxanaya yerləşdirilməsi haqqında müraciətinə hələ də cavab verməyib.

Qardaşı Nəsimi Məmmədlinin verdiyi məlumata görə, aprelin 12-də təkrar USM müayinəsi aparılıb.

"Müayinə zamanı qalxanabənzər vəzində düyün (şiş) olduğunu yenidən təsdiq ediblər. Amma bildiriblər ki düyünün ölçüsü 18-19 millimetrdir. Hansı ki, həbsdən öncəki müayinə zamanı bu ölçünün 23 millimetr olduğu aşkar olunmuşdu və müayinənin nəticəsini təsdiq edən tibbi sənədlər də var", deyə Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, qardaşı istintaq təcridxanasında boğulma hissindən əziyyət çəkir.

Nəsimi Məmmədli qardaşının səhətindəki problemlə bağlı aprelin 8-də ombudsmana müraciət edib. "Dünən ombudsman aparatının rəhbəri Aydın Səfixanlının rəsmi cavabını almışam. Onlar mənim müraciətimi Ədliyyə Nazirliynin Baş Tibb idarəsinin rəisi vəzifəsini icra edən Rəfail Mehdiyevə göndəriblər. Əlavə müayinə və iynə biopsiyası üçün özəl klinikalardan birində bizim öz vəsaitimiz hesabına bu prosedurun aparılmasına şərait yaradılması tövsiyə olunub", deyə N.Məmmədli qeyd edib.

Penitensiar Xidmətdən və Ədliyyə Nazirliyinin Tibb İdarəsindən bu müraciətə hələlik şərh almaq mümkün olmayıb.

 * 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay ibtidai həbsə məhkum edilib, daha iki nəfər polis nəzarətinə verilib.