Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya şöhrətli aktyorun Rusiyaya girişi yasaqlanıb

Rusiya hökuməti mayda açıqladığı xüsusi siyahıya ölkəyə girişini qadağan etdiyi 900-dən artıq amerikalının adını salıb. Bu şəxslər "antirus" olmaqda suçlanır. Siyahıda tanınmış amerikalı aktyor Morqan Frimanın da adı var.

Güman edilir ki, Frimanın adı Rusiya hökumətinin 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı çəkilən videoya görə bu siyahıya salınıb.


Siyahıdakı digər amerikalılar


Friman 2017-ci ildə çıxan bu klipin həm rejissorluğunu etmiş, həm də mətnini oxumuşdu. Videoda çəkilən aktyor Rob Raynerin də adı sözügedən siyahıdadır.

Siyahıda Friman və Raynerdən başqa prezident Co Bayden, vitse-prezident Kamala Harris, keçmiş dövlət katibi və Birinci xanım Hillari Klinton və Facebook-un CEO-su Mark Zukerberq kimi tanınmış adlar da var. Hətta Con Makkeyn də daxil olmaqla, dünyasını dəyişmiş üç senatorun adı da siyahıya əlavə edilib.

Ekoloji və siyasi fəal


Hələ ekrana çıxmamış "Multi" və "A Good Person" filmlərində rol alacağı deyilən Friman artıq uzun zamandır ki, ekoloji və siyasi fəal kimi tanınır, səsini və resurslarını bu işə sərf edir. O, 2021-ci ildə Missisipi Universitetinin professoru Linda Kina ilə birlikdə Dəlil Əsaslı Siyasət və İslahat Mərkəzinin açılışına 1 milyon dollar ianə edib. Eyni zamanda rejissor və qiraətçi kimi tanınan Morqan Frimanın 2022-ci il üçün varidatının 250 milyon dollar olduğu deyilir.

Friman gənc yaşlarında ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. O, Cekson Dövlət Universitetinin aktyorluq fakültəsində oxumaq üçün qazandığı stipendiyadan imtina edərək hava qüvvələri sıralarına yazılmağı seçib. Buradakı xidmətinə radarları təmir etməklə başlayan Friman son nəticədə pilot ola bilib. Ancaq dörd illik xidmətdən sonra aktyor karyerasına başlamaqdan ötrü hava qüvvələrini tərk edib.

Rolları


Aktyorluq karyerasına 1960-cı ildə başlayan Frimanın kinoda ilk titrli rolu "Who Says I Can't Ride A Rainbow?" filmində olub.

Friman öz səsi ilə müxtəlif sənədli filmlərin mətnini də oxuyub. Planetarilərdə ingiliscə nümayiş etdirilən kosmos haqda IMAX filmlərinin bir çoxunu Morqan Frimanla Vupi Qoldberq səsləndiriblər. (Azadlıq Radiosu)