Dərnəgüldə tikinti malları mağazasındakı güclü yanğın söndürülüb
21 Yanvar 2026
Dərnəgüldəki obyektdə baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN tərəfindən Ziya Bünyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğın nəticəsində ümumi sahəsi 700kv.m olan bir dam altında tikilmiş 7 ədəd tikinti materiallarının satışı mağazalarından 2 ədəd mağaza və bitişik ümumi sahəsi 200kv.m olan anbar (ümumi 400kv.m) yanıb. Bitişik mağazalar və müxtəlif təyinatlı obyektlər yanğından mühafizə olunub.
***
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində (Dərnəgül) tikinti malları mağazasında güclü yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir, yanğının digər mağazalara keçməsinin qarşısının alınması üçün yanğınsöndürmə işləri həyata keçirilir.
Bundan başqa, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, yanğın səbəbindən metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.