Dəhşətli qəzada 51 nəfər ölüb
11 Fevral 2025
Qvatemalada avtobusun körpüdən dərəyə aşması nəticəsində 51 nəfər ölüb.
Bu barədə "Reuters" şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, xilasedicilər 36 kişi və 15 qadının meyitini sudan çıxarıblar. Ordu və fəlakətlərin idarə olunması agentliyinin əməkdaşları hadisə yerinə göndərilib.
Məlumata görə, 75 sərnişini daşıyan avtobus Qvatemala şəhərinin şimal girişində Puente Belis körpüsündən dərəyə aşıb. Yanğınsöndürmə xidmətinin sosial şəbəkədə paylaşdığı fotolarda nəqliyyat vasitəsinin qismən suya batdığı görünür.
Eyniadlı ölkənin paytaxt şəhərinin meri Rikardo Kinyones bildirib ki, hadisə yerinə təcili xidmətlər göndərilib və yol polisi zərər çəkmiş ərazidə alternativ marşrutlar yaratmaq üzərində işləyir.
Qeyd olunur ki, Qvatemala Prezidenti Bernardo Arevalo üçgünlük milli matəm elan edib.