Logo
news content
User
Kateqoriyalar

Xəbər

CENTCOM-un keçmiş komandir müavini: "İran vaxt qazanmağa çalışır"

ABŞ prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumu dayandırıb, bunu Hörmüz boğazı və Tehranın nüvə proqramı ilə bağlı danışıqların davam etməsi ilə əsaslandırıb.

İran hazırkı durumu necə görür? AzadlıqRadiosu mövzunu ABŞ-nin istefada olan vitse-admiralı və CENTCOM-un keçmiş komandir müavini Robert Harvardla müzakirə edib.

R.Harvard vaxtilə İranda yaşadığını və fars xalqını yaxşı tanıdığını deyir: "Onlar təbiətən çox strateji düşünürlər. Şahmat oynayan xalqdırlar, uzunmüddətli plan qururlar. İstər şəxsi həyatımda, istərsə də peşəkar fəaliyyətimdə gördüyüm odur ki, onlar vaxtın öz xeyirlərinə işlədiyinə inanırlarsa, gözləməyə həmişə hazır olublar. Hazırda da bunu görürük. Bu proses nə qədər uzansa, onların sağ qalmaq şansının artdığına inanırlar".

Onların məqsədi "Trampdan sonrakı dövrə çıxmaqdır"

Keçmiş komandir müavini deyir ki, iranlılar ABŞ-nin siyasi sistemini, seçkilərin necə işlədiyini, siyasi iradənin bəzən nə qədər dəyişkən olduğunu yaxşı anlayırlar.

"Onlar hesab edirlər ki, vaxt onların tərəfindədir. Onların məqsədi aralıq seçkilərdən və ya hətta prezidentlik müddətinin sonuna qədər dözüb Trampdan sonrakı dövrə çıxmaqdır. Düşünürlər ki, dözə bilsələr, Trampı və ya ABŞ-nin siyasi iradəsini üstələyəcəklər", – R.Harvard əlavə edib.

"Diplomatiyaya imkan yaratmaqla rəqibə toparlanmaq üçün vaxt vermək arasındakı sərhəd haradadır?". AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlunun bu sualına cavabında R.Harvard deyir ki, İranla aparılan danışıqlar və Tehranın güzəştləri konkret nəticə verməyib.

"Hazırda ABŞ hökuməti bütün imkanlarını – siyasi, iqtisadi və hərbi vasitələri bir araya gətirməyə çalışır. İndiyədək əsasən hərbi gücə arxalanırdı, amma bu, nə Hörmüz boğazının açılmasına, nə də nüvə proqramının həllinə gətirib çıxardı. İndi siyasi təzyiqə daha çox üstünlük verilir", – o bildirir.