Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Boz ay bu çərşənbə ilə təslimiyyatın astanasına qədəm qoyur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır.

Bir zamanlar yalnız sudan ibarət olan həyata torpaq sonradan rəng qatdı. Amma həyatın varlığı üçün hava, yel də lazım idi. Yalnız o həyatı formalaşdıra bilərdi. Qədim türk mifologiyasının  yelin funksiyası da məhz budur –həyatı formalaşdırmaq... təbiətin üçün bu oyanan hava, insan üçün isə nəfəsdir.

Yel çərşənbəsinin unudulmuş adətləri

“Yüyət günü”: Yel çərşənbəsində “yüyət günü”nü mütləq keçirərdilər. Yüyət günü son illərə qədər az da olsa bəzi kəndlərdə qalırdı. Bu gün insanın özü təmizlənməklə yanaşı, ev-eşiyini də səliqəyə salır, həyət-bacasını təmizləyir. Bu iməclikdən başqa, həm də bir ayin, inancdır. Yel çərşənbəsində həyata keçirilən qədim adətlərin bəziləri bunlardı:

Cıdır falı: bunu  oğlanlar icra edir. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi. Hər halda, insanlar buna inanırdılar.

Çökə: Bu, unudulmuş adət yox, unudulmuş şirniyyat növüdür. Bizim bildiyimiz şəkərburaya oxşasa da ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq evə gələn qonağa verilirdi.

Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısından arxası həyətə doğru qalıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardı.

Yel çərşənbəsinin inancları

Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin - havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir.

Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur.

Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var.

Məsələn, "Yel əsib qoz tökülüb", "Yelnən gələn selnən gedər", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı el açar", "Külək kimi hərdən bir yana əsmə", "Yel əsir, yengələr oynayır", "Yel aparan yelinki, yerdə qalan mənimki", "Kələknən gələn, küləknən gedər", "Yel qayadan nə aparar"...

Yel çərşənbəsinin fəlsəfəsi, mahiyyəti


Yel əslində, sonuncu çərşənbə olmalı imiş Biz bu gün çərşənbələrin sırasını pozmaqla varlığın fəlsəfəsini, mahiyyətini bir qanunauyğunluq kimi rədd edirik. Yel, hava özündən əvvəlki üç varlığın- su, torpaq və odun hərəkətverici qüvvəsidir, o ən sonuncu gəlir və dirilişi tamamlayır.

Folklorumuzun mahir bilicisi olan Xalq yazıçısı Mövlud Süleymanlı Yel çərşənbəsindən danışarkən, qeyd edir: “Yel çərşənbəsində deyərlər: Yerə nəfə endi. Bundan sonra “puçur yeli “əsməyə başlayacaq.  Bu Yer üzündə olan bitki aləminin nəfəs dərməyidir; nəfəsini dərib yenidən ayılmağı, suyun, havanın, torpağın odun, bir olmağından sonra ilk tərpəniş, hərəkət, ritmdir.  Üç çərşənbədən- su, torpaq, oddan sonra yerə enən nəfəsdir”.

Adına Yel çərşənbəsi deyilsə də,  suyun, torpağın, odun bir-birinə qovuşmasından sonra bütün başlanğıclara – hər nə varsa bütün yaranmışlara hava lazım olur. Su torpağa qovuşandan sonra istini-odu alır, qoynundakı toxumlar duyğuya çevrilir, bu duyğunun açılması üçün bir udum hava lazım olur.

Üç həyat daşıyıcısının –suyun, torpağın odun qovuşduğu anda, dördüncünün – havanın gəlməyi yaranışın qanunauyğunluğunu tam etmək üçün tamamlamaq, yəni, olmaq üçündür. OL! Bu, həmin andı-Yaradılış anı!