Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Bu, cinayətdir və iki maddə ilə cəzalandırılır”

Ötən günlərdə Bakıda faciəli bir hadisə baş verdi. Ana öz uşağını taksidə tərk edərək, getdi. Xəbər mediada və sosial şəbəkələrdə geniş müzakirə olundu, müxtəlif rəylər səsləndirildi. Bizim üçün maraqlı olan isə başqa məqamdır. Ümumiyyətlə, Azərbaycanda tərk edilən uşaqların sayı nə qədərdir və bu tip hadisələrə hüquq necə yanaşır?



Sosial Xidmətlər Agentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Pressklub.az-a açıqlamasında bildirdi ki, 2023-cü ilin 30 noyabr tarixinədək olan dövrdə Agentliyə 769 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı 510 müraciət daxil olub. Onlardan 330 uşaq sosial xidmətlərin göstərilməsi nəticəsində ailəsində saxlanılıb, 122 uşaq üzrə müraciət hədəf qrupundan kənar olduğu üçün digər qurumlara yönləndirilib, 56 uşağın yerləşdirilməsi ilə bağlı iş davam etdirilir.

“Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilmiş uşaqların ümumi sayı 261 nəfər olub. Qeyd olunan uşaqların müəssisələrə yerləşdirilməsi səbəbləri kimi iqtisadi vəziyyətin aşağı olması, ailə-məişət problemlərinin mövcudluğu, uşaqların sağlamlıq vəziyyəti, valideynlərin cəzaçəkmə müəssisəsində olması, valideynlərin zərərli vərdişlərdən asılılığı (narkotik maddələrdən və alkoqolizm aludəsi), valideynlərin vəfat etməsi və ya məlum olmaması, nikahdan kənar uşağın dünyaya gəlməsi və digər səbəblər müəyyən edilib” - Murad Həşimov deyib.



Hüquqşünas Ramil Süleymanov saytımıza açıqlamasında bildirib ki, tərk edilmiş uşaq sağ və ya ölü vəziyyətdə tapılarsa, istintaq orqanları tərəfindən araşdırma aparılır və uşağın valideynləri müəyyən olunur.

Hüquqşünas bu hallarda 2 maddə ilə cinayət işinin başlanılmasının mümkün olduğunu bildirir.

Cinayət Məcəlləsinin 121-ci maddəsi - ananın yeni doğduğu uşağı qəsdən öldürməsidir. Bunun sanksiyası qanunvericilikdə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddəti azadlıqdan məhrum etməklə cəzalandırılır.

“Digəri isə sağ uşağı atmaqdır. Bu, Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə sanksiyalaşdırıla biləcək bir əməl, həyat və sağlamlığını, özünü qoruma imkanından məhrum olan şəxsi bilə-bilə təhlükədə qoyma maddəsidir. Bu, təkcə uşaqlara yox, eyni zamanda yetkinlik yaşına çatmış şəxslərə uşaqlara da tətbiq olunan maddədir”. 

Hüquqşünas qeyd edir ki, bu maddənin sanksiyası da 1000 manatdan 1500 manata qədər cərimə cəzasıdır. Yaxud da 1 ilə qədər islah işləri və ya 6 ay müddətinə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Bu cür halların səbəblərinə gəlincə, müsahibimiz deyir ki, ən böyük səbəb nikahdan kənar uşaqların doğulmasıdır: “Bu cür uşaqlar ailələr tərəfindən qəbul olunmur və ya dünyaya uşaq gətirən xanım üçün ciddi həyati təhlükə var. Başqa bir səbəb ailədə uşaqların sayının çox olmasıdır. Arzulanmayan uşaq dünyaya gələndə ailələr, maddi vəziyyət uşağa baxmağa imkan vermirsə, bu cinayətə məcbur olurlar”.

Mədinə Useynova