Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya səfirliyi III Çarlzın doğum gününü Bakıda qeyd edib
“Azərbaycan Böyük Britaniyanın etibarlı dostudur

İyunun 19-da Böyük Britaniya kralı III Çarlzın doğum günü münasibətilə Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən Bakıda rəsmi qəbul təşkil olunub.  Tədbirdə Azərbaycan hökumətinin, Milli Məclisin, ictimai-siyasi dairələrin və medianın nümayəndələri iştirak ediblər.

Ziyafətdə çıxış edən Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkələr arasında son dövrlərdə genişlənən əməkdaşlığı yüksək qiymətləndirib. O bildirib ki, tədbir yalnız Britaniya monarxının doğum günü deyil, həm də iki ölkə arasında gələcəyə yönəlik əməkdaşlığa bir baxışdır.

Səfir qeyd edib ki, son 12 ay ərzində Böyük Britaniya və Azərbaycan arasında münasibətlər bir sıra vacib hadisələrlə yadda qalıb. O, COP29 tədbiri zamanı aparılan əməkdaşlığı xüsusi vurğulayıb və bildirib ki, bu prosesdə Azərbaycanı dəstəkləməkdən qürur duyublar.

Diplomat 2025-ci ilin ilk aylarında baş verən önəmli hadisələrə də toxunub. O, ölkədə ilk rezident müdafiə attaşesinin təyin olunduğunu, Energetika naziri Pərviz Şahbazovun Londona səfərini, "Silk Way West Airlines"ın Böyük Britaniya tərəfindən maliyyələşdirilməsini və Elm və Təhsil naziri Emin Əmrullayevin Londonda keçirilən Təhsil üzrə Dünya Forumunda iştirakını xatırladıb.

Səfir Fergus Auld, həmçinin, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək dəyərləndirdiyini bildirib və əlavə edib ki, Britaniya Ukraynanı "nə qədər lazımdırsa, o qədər də" dəstəkləməyə davam edəcək.

Enerji və təhsil sahəsində əməkdaşlığa toxunan diplomat, britaniyalı şirkətlərin Qarabağdan Xəzərə qədər Azərbaycanın gələcəyinin formalaşmasında rol oynadığını, eləcə də “British Council”in və Britaniya universitetlərinin ölkənin müxtəlif bölgələrində təhsil əlaqələrini gücləndirdiyini qeyd edib.

Sonda Fergus Auld Azərbaycanın Böyük Britaniyanın "dost dar gündə tanınar" prinsipinə uyğun səmimi tərəfdaş olduğunu bildirib və bu dostluğun davamlı olacağına əminliyini ifadə edib.

Turqut