Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya kəşfiyyatı: "Rus ordusunun gücü tükənir, Ukrayna hücuma keçə bilər"


Böyük Britaniyanın MI-6 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Richard Moore bildirib ki, növbəti həftələrdə rus ordusu üçün cəbhə bölgəsinə yeni qoşun və silah göndərmək çətin olacaq. Onun fikrincə, bu, Ukrayna üçün əks-hücum imkanının yaranması deməkdir.





“Hesab edirəm, onların [rus qoşunlarının] gücü tezliklə tükənəcək”, - Moore bu fikirləri ABŞ-ın Kolorado ("Colorado") ştatında keçirilən Aspen Xəstəlikləri Təhlükəsizliyi Forumunda çıxış edərkən deyib.





MI-6-nın rəhbəri Moskvanın qarşıya qoyduğu əsas məqsədlərinə - Ukrayna prezidentini devirməyə, Kiyevi tutmağa və Qərb ölkələri arasında nifaq salmağa nail olmadığını bildirib və bunu Rusiya üçün “epik uğursuzluq” adlandırıb.





O, Rusiya işğalını İkinci Dünya müharibəsindən sonra Avropada ən dəhşətli təcavüz aktı kimi xarakterizə edib.




İyulun əvvəlində Lisichansk şəhərini ələ keçirdikdən sonra Rusiya ordusu fasilə elan edib, lakin bir neçə gün sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu orduya əməliyyatları artırmaq əmri verib.





Son üç həftə ərzində əsas hərbi qüvvənin cəmləşdiyi Donetsk və Luhansk da daxil olmaqla Rusiya silahlı qüvvələri hər hansı uğur əldə edə bilməyib.





Ukrayna və onun müttəfiqləri rus ordusunun zəifləməsini Qərb dövlətlərinin, əsasən ABŞ-ın verdiyi uzaq mənzilli artilleriya qurğuları ilə əlaqələndirirlər.





Xüsusilə də HIMARS çoxfunksiyalı raket atış sistemi Ukrayna ordusuna imkan verir ki, Rusiyanın silah-sursat anbarlarına və bazalarına zərbələr endirsin.





Aspen Forumu zamanı Moore bugünədək Rusiyanın 15 min canlı qüvvəsinin öldürüldüyünü açıqlayıb.





Rus ordusunun itkiləri ilə bağlı eyni rəqəmi Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri William Burns də deyib.





Bununla belə, Moore səslənən rəqəmi “təxmini hesablama” adlandırıb.





“Bu rəqəm ötən əsrin 80-ci illərində Əfqanıstan müharibəsi zamanı rus qoşunlarının 10 il ərzində verdiyi itkilərlə eynidir”, - Moore qeyd edib.





“Bunlar [döyüşdə ölənlər] Moskva və Sankt-Peterburqda yaşayan orta sinif insanlar deyillər, onlar Sibirin işçi sinfini təmsil edən şəhərlərdən gələn kasıb insanlardır. Onlar arasında milli azlıqları təmsil edənlərin sayı mütənasib proporsional deyil”, - Moore deyib.





Burns-ə görə Ukrayna müharibəsi zamanı rus ordusunda yaralanaraq ordunu tərk edənlərin sayı 45 min ətrafındadır.





Ukrayna Rusiyanın canlı qüvvə itkisinin 38 min nəfərdən çox olduğunu bildirib. Rusiya sonuncu dəfə itkilərinin sayını martın 25-də açıqlayıb.





Həmin vaxt 1300 nəfər rus hərbçisinin öldüyü qeyd olunub. Ekspertlər bu rəqəmin az göstərildiyi qənaətindədirlər.





BBC iyulun əvvəlinədək açıq mənbələrdən Ukrayna müharibəsində ölən 4 mindən artıq rus əsgərinin adını toplaya bilib.