Britaniya hava eskadronu Fars körfəzinə yola düşüb
24 Yanvar 2026
"12-ci Eskadron" adı ilə tanınan Britaniya-Qətər Krallığı Hava Qüvvələri eskadronu "Typhoon" qırıcıları ilə Fars körfəzinə göndərilib. Məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi yanvarın 22-də açıqlayıb.
Nazirlik bildirir ki, bu yerləşdirmə Qətər hökumətinin dəvəti ilə gerçəkləşdirilib, "güclü və davamlı müdafiə əlaqələrini nümayiş etdirmək", regional sabitliyi qorumaq məqsədi güdür.
"12-ci Eskadron"un Qətərə müntəzəm göndərildiyi, birgə təlim və məşqlərə qatıldığı vurğulanır.
"USS Abraham Lincoln" təyyarədaşıyanı da yaxın günlərdə Yaxın Şərqə çatacaq. Nüvə mühərrikli bu təyyarədaşıyan Cənubi Çin dənizindən gəlir, onu eskadra və mühafizə gəmiləri, kreyser müşayiət edir.
Tramp deyir ki, ABŞ hərbi donanması İrana doğru gedir
ABŞ prezidenti Donald Tramp yanvarın 22-də deyib ki, ölkəsinin hərbi donanması İrana doğru gedir, amma ümid edir, ondan istifadə etməli olmayacaq.
"Reuters" anonimlik şərti ilə danışan ABŞ rəsmilərinə istinadla yazır ki, "USS Abraham Lincoln" təyyarədaşıyanı, bir neçə raket esminesi yaxın günlərdə Yaxın Şərqə çatacaq.
Bir rəsminin sözlərinə görə, Yaxın Şərq üçün əlavə havadan müdafiə sistemləri nəzərdən keçirilir, bunlar İranın regiondakı ABŞ bazalarına zərbələrinə qarşı vacib sayılır.
"Xeyli gəmimiz o tərəfə gedir... İstəməzdim nəsə baş versin, amma onları diqqətlə izləyirik", – Tramp Davosdan ABŞ-yə qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərə deyib.
"Həmin istiqamətə yol alan hərbi donanmamız var, ola bilsin, ondan istifadə etməyək", – Tramp başqa bir məqamda deyib.
İranda dekabrın sonundan başlanan kütlə etirazlarda minlərlə insan öldürülüb. Tramp İran rejimini hədələmişdi ki, etirazçılara qarşı zorakılıq baş versə, müdaxilə edəcəklər. Ancaq sonradan o, sərt ritorikasından əl çəkib, məhbusların edamını dayandırdığını deyib. Trampın iddiasına görə, İran 840-dək edamı təxirə salıb.
"Reuters" yazır ki, ABŞ ordusu əvvəllər də gərginlik artdığı vaxtlarda Yaxın Şərqdə qüvvələri periodik artırıb, bu addımlar daha çox müdafiə xarakterli olub. Amma ötən ilin iyununda İranın nüvə proqramına zərbələrdən öncə ABŞ ordusu qüvvələrini cəmləmişdi.
Tramp deyib ki, iyun zərbələrindən sonra Tehran nüvə proqramını bərpa edərsə, Birləşmiş Ştatlar hərəkətə keçəcək.
Ölü sayı 20 mini ötə bilər
İranda etirazlarda ölü sayı 20 mindən yuxarı ola bilər. Bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib.
"ABC News"a müsahibəsində məruzəçi bildirib ki, etirazlarda azı 5 min dinc sakin öldürülüb. Amma onun İrandakı həkimlərdən aldığı məlumatlar bu sayın 20 mindən yuxarı ola biləcəyini göstərir.
ABŞ-də yerləşən HRANA təsdiqlənmiş ölü sayının 5 mindən yuxarı olduğunu, 9 min 787 ölümün araşdırıldığını bildirir. Azı 7 min 391 nəfər ağır xəsarətlər alıb. HRANA etirazlarda 26 min 852 nəfərin saxlanıldığını vurğulayır.
BMT-nin İnsan Haqları Şurası yanvarın 23-də İranda etirazçılara qarşı "təşviş yaradan" zorakılığı müzakirə etmək üçün fövqəladə iclas keçirəcək. "Reuters" yazır ki, bir qrup ölkə BMT təhqiqatçılarını gələcək məhkəmələr üçün iddia olunan pozuntuları sənədləşdirməyə çağıracaq.