
BP 2029-cu ilə qədər “Şahdəniz”də yeni platforma istismara verəcək
05 Aprel 2025
Böyük Britaniyanın BP şirkəti 2029-cu ilə qədər “Shah Deniz Compression” (SDC) platformasını istifadəyə verməyi planlaşdırır.
Bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mett Kirkhem bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında bildirib.
"Hazırda layihə çərçivəsində Azərbaycan hökuməti və ictimaiyyətlə onun ekoloji və sosial təsirinin qiymətləndirilməsini müzakirə edirik. Məqsədimiz bu ilin ortalarına qədər yekun investisiya qərarını qəbul etmək, gələn il tikintiyə başlamaq və platformanı 2029-cu ilə qədər istismara verməkdir", - M.Kirkhem qeyd edib.
O əlavə edib ki, layihənin məqsədi aşağı təzyiqli qaz ehtiyatlarına çıxışın təmin edilməsi və hasilatın maksimum həddə çatdırılmasıdır. Layihə elektrik enerjisi ilə işləyən kompressor qurğularına malik dəniz platformasının tikintisi və istifadəyə verilməsini əhatə edir.
"Uzaqdan idarə olunan heyətsiz qurğu kimi layihələndirilən platforma “Shah Deniz Bravo” platformasının elektrikləşdirilməsi üçün istifadə edilə və nəticədə bütün yatağın tam şəkildə elektrikləşdirilməsinə şərait yarada bilər", - vitse-prezident bildirib.
Xəbər verildiyi kimi, layihəyə elektrik enerjisi ilə işləyən SDC pilotsuz kompressor platformasının tikintisi, elektrik və fiber-optik kabellərin, həmçinin “Alpha” və “Bravo” platformalarından yataqdaxili sualtı qaz kəmərlərinin çəkilməsi daxildir. SDC qazın kompressiyası üçün hər biri 11 MVt gücündə dörd kompressorla təchiz ediləcək.
SDC "Şahdəniz" yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub. Aşağı təzyiqli qaz “Shah Deniz Alpha” və “Shah Deniz Bravo” platformalarından daxil olacaq. Sırf kompressor qurğuları üçün nəzərdə tutulduğu üçün platformada qazma işləri aparılmayacaq.
“Shah Deniz Compression” platforması “Shah Deniz Alpha” platformasından 10 km, “Shah Deniz Bravo” platformasından 3 km məsafədə suyun 85 metr dərinliyində yerləşəcək. SDC platformasının dayaq blokunun və üst tikilisinin, həmçinin sualtı infrastrukturun komponentlərinin Azərbaycanda inşa edilməsi planlaşdırılır. Tikinti sahələrində quruda tikinti və istismara verilmə fəaliyyətlərinin əksəriyyətinin 2026-cı və 2028-ci illər arasında həyata keçiriləcəyi gözlənilir.
2029-cu ilin yanvar-iyul aylarında SDА, 2030-cu ilin aprel-may aylarında isə SDB platformalarından ilk qaz hasilatı nəzərdə tutulur.