BMT İranda edamların və ölüm hökmlərinin artmasından narahatdır
06 Avqust 2026
BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker Türk İranda martdan bəri edamların və ölüm hökmlərinin kəskin artmasından narahatlığını bildirib. O, hakimiyyəti bütün edamları dərhal dayandırmağa və ölüm hökmünün ləğvi yönündə addımlar atmağa çağırıb.
V.Türk avqustun 5-də bildirib ki, martın 19-dan bəri milli təhlükəsizlik ittihamları ilə azı 56 nəfər edam edilib. Onlardan 27-si bu ilin əvvəlində etiraz aksiyaları ilə bağlı mühakimə olunan şəxslərdir. O əlavə edib ki, 100-dən çox insan oxşar ittihamlarla edam olunmaq riski ilə üz-üzədir.
BMT rəsmisinin sözlərinə görə, İranda ədalətli məhkəmə araşdırmasının və hüquqi prosedurların davamlı şəkildə pozulması, işgəncə altında alınmış etiraflar, açıq və tələsik həyata keçirilən edamlar ciddi narahatlıq doğurur.
"Ölüm hökmü yaşamaq hüququ ilə uzlaşmır və insan ləyaqəti ilə bir araya sığmır. Belə cəzanın müasir dünyamızda yeri yoxdur", - V.Türk vurğulayıb.