Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Avropaya nəyə gedir?

Martın 24-də ABŞ prezidenti Cozef Bayden Avropaya səfərə çıxır.

Ağ evin mətbuat katibi Cen Psaki prezidentin NATO-nun növbədənkənar sammitinə qatılmaq üçün Belçikanın paytaxtı Brüsselə gedəcəyini söyləyib.

Cozef Bayden səfər çərçivəsində Avropa Birliyi Şurasının icalasına da qatılacaq.

Cen Psakinin sözlərinə görə, Bayden NATO toplantısında Rusiyanı Ukraynada davam etdirdiyi təcavüzdən çəkindirmək üçün göstərilən cari müdafiə səylərini müzakirə edəcək və ABŞ-ın NATO müttəfiqlərinə sadiq qaldığını bir daha təsdiqləyəcək: “Prezident Bayden həmçinin Ukrayna ilə bağlı hamımızı narahat edən məsələləri, müharibə qurbanlarına humanitar yardım göstərilməsini, o cümlədən Rusiyaya qarşı iqtisadi sanksiyaları müzakirə etmək, NATO-nun bu istiqamətdə səylərini diqqətə çatdırmaq üçün Avropa Birliyi Şurasının planlaşdırılmış iclasına qatılacaq”.

Ağ evin sözçüsü qeyd edib ki, prezident Bayden məsələləri üz-üzə görüşüb çözməyə üstünlük verir, ona görə Rusiyanın Ukraynaya hücumunun hansı mərhələdə olduğunu avropalı müttəfiqlərlə canlı müzakirə etmək qərarına gəlib.

Baydenin avropalı həmkarları ilə təmaslarının böyük fayda verdiyini vurğulayan Cen Psaki deyib: “Bu gün biz heyrətamiz birlik nümayiş etdiririk”.

NATO-nun baş katibi Yens Stoltenberq martın 24-də alyansın baş qərargahında növbədənkənar sammitin keçiriləcəyini bir neçə gün qabaq elan edib. O, saamitin birbaşa Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı olduğunu açıqlayıb.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.