Bakıda İran malları bahalaşıb
27 Yanvar 2026
Son həftələr Azərbaycanda, o cümlədən paytaxt Bakıda bir sıra İran mallarının bahalaşdığı bildirilir.
Ayrı-ayrı paytaxt sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, söhbət əsasən İrandan idxal edilən qurudulmuş meyvələr və çərəzlərdən gedir.
"Məsələn mən alça qurusunda, kişmiş və qaysıda bahalaşma gördüm. Alça qurusunu ötən ay 6 manata almışdım, indi 7 manatadır. Kişmiş və qaysıda da təqribən 10-15 faiz bahalaşma var. Satıcıdan soruşdum, o bunu İranda son etirazlardan sonra yaranmış vəziyyətlə izah etdi", - adının çəkilməsini istəməyən paytaxt sakini AzadlıqRadiosuna söyləyib.
Məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma ekspertlər deyirlər ki, mövcud bahalaşmada işbazların da rolu var. Ekspertlərə görə, İranda etirazlar artıq həftələrdir başa çatıb və mövcud qiymət artımında başqa səbəblər də yox deyil. Onlar vurğulayıblar ki, mağaza və bazarlarda İran malları ilə yanaşı, digər mallarda da müəyyən bahalaşma müşahidə edilir.
Xatırlatma
Ötən ilin sonu - dekabrın 28-dən etibarən İranın bir çox şəhərində islam respublikası hökumətinə qarşı geniş yayılmış narazılıq və iqtisadi problemlər fonunda kütləvi nümayişlər başlayıb. Bir neçə həftə çəkən etirazlar zorakı üsullarla yatırılıb. ABŞ-də yerləşən HRANA təsdiqlənmiş ölü sayının 5 mindən yuxarı olduğunu, təqribən 10 min də ölümün araşdırıldığını bildirir.