Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Azercell"in yeni qərarı - Vətəndaşlara sərf edəcəkmi?

İyunun 19-dan etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.

Bu barədə "Azercell"dən AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib.

Qurumdan qeyd edilib ki, bu dəyişiklik çərçivəsində balansda yetərli vəsait olduğu halda, tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün ikitərəfli, sonra isə 90 gün birtərəfli (müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.

"Azercell"ə görə, yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək: "Məsələn, 2 AZN-lik istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur.... Dəyişiklikdən öncə bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 AZN, daha uzun müddət üçün isə 10 AZN (60 gün üçün) və 25 AZN (90 gün üçün) yükləməsi tələb olunurdu".

Qurum əlavə edir ki, iyulun 1-dən bütün nominallara (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) dair yeni istifadə müddətləri müəyyənləşdirilib: "Lakin əvvəlki qaydalarda da olduğu kimi, kartın istifadə müddəti bitdikdən sonra belə, abunəçinin nömrəsi 90 gün ərzində birtərəfli olaraq açıq qalır (müştəri gələn zəng və SMS-ləri qəbul edə bilir)".

"Azercell" vurğulayır ki, fakturasız (SimSim) xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmalar dayandırılır: "...Nəticə olaraq bildiririk ki, müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğundur".

Narazılıq nədəndir?

"Azercell"in gələn aydan tətbiq edəcəyi yeni qaydalar sosial şəbəkələrdə birmənalı yozulmayıb. Şirkətin sosial şəbəkələrdəki rəsmi hesablarına yazılan rəylərdə bəzi istifadəçilər yeni qərarın onların cibinə uyğun olmadığını, həm telefon danışığı, həm də internet qiymətlərinin baha olduğunu vurğulayıblar.

Məsələ burasındadır ki, bir neçə gün əvvəl bir sıra yerli media orqanlarında "Azercell"in iyulun 1-dən yeni tariflərə keçəcəyi ilə bağlı məlumatlar yayılmağa başlamışdı. Bu məlumatların müzakirəsi zamanı vurğulanırdı ki, gələn aydan etibarən balansda yetərli qədər pul yoxdursa, nömrə birtərəfli bağlanacaq. Yəni, istifadəçi zəng edə bilməyəcək, ancaq zəngləri qəbul edəcək. Habelə əlavə edilirdi ki, kartın istifadə müddəti isə onun dəyəri qədər olacaq. Məsələn, 1 manatlıq kart üçün istifadə müddəti bir gün olacaq. Hazırda isə bu, beş gündür.

Bir ekspertdən iki rəy

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz əvvəlcə Facebook-da yazıb ki, "Azercell" yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyəti güdür: "1 manatlıq danışıq, 1 günlük həyat – "Azercell"in yeni qaydası... Açıqladıqları mücərrəd məlumatlardan dərhal görünür ki, "Azercell" müştəriyönümlü deyil, "yalnız gəlir gətirən müştəri" yönümlü siyasətə üstünlük verib".

Onun vurğulamasına görə, əvvəllər, sadəcə, 1–2 manat balans yükləməklə insanlar nömrələrini daha çox açıq saxlaya bilirdilər: "Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi. Məsələn, indiyədək 5 manat ödəyib bir ay aktiv nömrə işlətmək, kiməsə zəng etməklə danışmaq mümkün idi. İndi təklif olunan qaydalara görə isə, bu 5 manatla vətəndaşın nömrəsi yalnız beş gün aktiv olacaq".

Amma "Azercell"in sorğulara bugünkü cavabından O.Gündüz bu qənaətə gəlib ki, "Azercell" artıq "1 manat -1 gün" tarif sistemindən imtina edib: "Baxıram ki, son iki gündə "Azercell" yeni tariflərlə bağlı bir neçə fərqli açıqlamalar verib. Yeni açıqlamalarından da görsənir ki, nömrənin aktivliyi üçün "1 manat- 1 gün" sistemindən imtina ediblər. Yəni, nömrənin AKTİV qalma müddətini məcburi olaraq BALANS ARTIRMA MƏBLƏĞİ ilə birbaşa əlaqələndirən əvvəlki sistemdən imtina edilib. Yeni təklif olunan sistemdə balansa məbləğdən asılı olmayan yükləmə ilə nömrəni aktiv saxlamağın mümkün olacağı görsənir. Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunub...".