Azərbaycanlılar Avropaya vizasız gedə bilmir, "Kolumbiyaya isə 20-30 saatlıq yol var"
25 Noyabr 2026
Noyabrın 22-dən Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasportu sahibləri üçün qarşılıqlı viza tələbi ləğv edilib. İndi hər iki ölkənin vətəndaşları 180 gün ərzində 90 günədək bu ölkələrə vizasız səfər edə biləcəklər.
Bu xəbər sosial şəbəkələrdə bəzi istifadəçilərin istehzalı reaksiyasına səbəb olub. Bəziləri isə Yaxın Şərqdəki hərbi gərginlik fonunda İordaniyaya səyahətin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Azərbaycan bu il Kolumbiya və Dominikan Respublikası ilə də qarşılıqlı viza tələbinin ləğvinə dair sazişlər imzalayıb. İordaniya ilə saziş qüvvəyə mindikdən sonra Azərbaycan vətəndaşlarının adi pasportla qarşılıqlı vizasız gedə bildiyi ölkələrin sayı 18-ə çatıb. "Henley Passport Index" reytinqinə əsasən, Azərbaycan pasportu dünyada 73-cü yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları vizasız və ya sərhəddə viza alaraq ümumilikdə 68 istiqamətə səyahət edə bilirlər. Amma onların arasında Avropa İttifaqının (Aİ) heç bir üzv ölkəsi yoxdur.
Tez-tez xaricə gedən F.İmanzadə deyir ki, yeni vizasız istiqamətlər vətəndaşların real tələbatını ödəmir: "İordaniya və ya Latın Amerikası ölkələri ilə viza ləğv olunsa da, ora gedib çıxmaq müşkül məsələdir. İordaniyaya gərək İstanbul, ya da Dubaydan uçasan, Kolumbiyaya isə iki-üç təyyarə dəyişməklə 20-30 saatlıq yol getmək lazımdır. Üstəlik, biletlər də od qiymətinədir. Halbuki Avropaya həm birbaşa, həm də ucuz reyslər var, amma viza üzündən uça bilmirik".
Azərbaycan vətəndaşları ən çox hara səfər edirlər?
Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 24-də açıqladığı rəqəmlərə görə, bu ilin yanvar-oktyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1.9 faiz azalaraq 1 milyon 740.4 min nəfərə enib.
Səfərlərin bölgüsü belədir:
Türkiyə: 43.7 faiz
Rusiya: 14.6 faiz
Gürcüstan: 13.2 faiz
İran: 4.9 faiz
Başqa sözlə, xarici səfərlərin 76.4 faizi viza tələb olunmayan bu dörd ölkənin payına düşür.
Turizm eksperti Azər İsmayıl AzadlıqRadiosuna deyir ki, azərbaycanlı turistlər daha çox Avropaya üz tutmaq istəyirlər, vizasız istiqamətlər arasında isə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Gürcüstan daha populyardır. Serbiya, Albaniya, Bosniya və Herseqovina, eləcə də Mərakeşə maraq var. Ekspertin fikrincə, İordaniyada turistləri viza ödənişindən azad edən "Jordan Pass" paketi onsuz da var idi, buna görə də yeni saziş ciddi dəyişiklik yaratmayacaq.
A.İsmayıl son illər Şengen vizasının alınmasının nisbətən asanlaşdığını, mütəmadi səyahət edən turistlərə hətta beşillik vizalar verildiyini söyləyir. Bununla belə, sənədlərin hazırlanmasına xeyli pul xərcləyən turistlər imtina cavabı aldıqda bəzən səfərlərini təxirə salır və ya Türkiyə kimi istiqamətlərə yönəlirlər.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, Şengen vizasının rüsumu 35 avro olsa da, sığorta, sənədlərin hazırlanması və viza mərkəzinin xidmət haqqı ümumi səfər xərclərini xeyli artırır. İqtisadçıya görə, həm bu əlavə xərclər, həm də imtina riski xüsusilə orta və aşağıgəlirli ailələrin xaricə getmək imkanlarını daraldır.
A.Nəsirli viza məhdudiyyətlərinin turizm bazarında alternativ istiqamətlər arasında rəqabəti də azaltdığını vurğulayır. O, Avropa ilə vizasız rejimə keçidin Azərbaycanın iqtisadi prioritetlərindən biri olmalı olduğunu düşünür: "Çünki müasir dünyada ölkənin iqtisadi rəqabət qabiliyyəti təkcə malik olduğu təbii resurslarla deyil, insanlarının dünya ilə nə qədər sərbəst əlaqə qura bilməsi ilə də ölçülür”.
Azərbaycanın viza siyasəti və Aİ ilə münasibətləri
Azərbaycanla Avropa İttifaqı arasında viza alınmasını asanlaşdıran saziş 2014-cü il sentyabrın 1-dən qüvvədədir. Hələ 2018-ci ildə ovaxtkı xarici işlər naziri Elmar Məmmədyarov demişdi ki, vizaların tam ləğvi bu sazişin məntiqi davamı ola bilər, amma buna vaxt lazımdır.
Gürcüstan vətəndaşları 2017-ci il martın 28-dən biometrik pasportla Şengen zonasına 180 gün ərzində 90 günədək vizasız gedə bilirlər. Amma Avropa Komissiyası 2026-cı ilin martında Gürcüstanın demokratiya və əsas hüquqlarla bağlı öhdəliklərini pozduğunu bildirərək diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız gediş-gəlişi dayandırıb.
Ermənistanla Aİ arasında vizaların ləğvi üzrə danışıqlar 2024-cü ilin sentyabrında başlayıb. 2025-ci ilin noyabrında Yerevana bununla bağlı fəaliyyət planı təqdim olunub, bu ilin aprelində isə görülən işlərə dair ilk hesabat açıqlanıb.
Azərbaycanla isə hələ belə bir dialoqa başlanmayıb.
Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Emil Səfərov bu il fevralın 27-də Milli Məclisdə keçirilən dinləmədə onlarla ölkə ilə viza rejiminin asanlaşdırılması üçün danışıqlar aparıldığını deyib. Onun sözlərinə görə, bu danışıqlar yalnız dost və tərəfdaş ölkələrlə aparılır və burada daxili-xarici siyasət, milli təhlükəsizlik və miqrasiya amilləri nəzərə alınır. Əsas hədəf isə miqrasiya riski yaratmayan turistlərin sayını artırmaqdır.
Siyasi rejimin vətəndaşlar üçün yaratdığı viza baryeri
Avropa Komissiyasının məlumatına görə, vizaların ləğvi üzrə fəaliyyət planları təhlükəsizlik, xarici əlaqələr və əsas insan hüquqları sahələrində islahatları və onların davamlı icrasını nəzərdə tutur.
III Respublika Platformasının qurucu heyət üzvü Araz Əliyev AzadlıqRadiosuna deyir ki, Azərbaycan hakimiyyətinin digər ölkələrlə vizasız rejimə keçməsində Aİ ilə bu sahədə irəliləyiş əldə edə bilməməsinin də rolu var. Amma onun fikrincə, yeni vizasız istiqamətlər seçilərkən vətəndaşların səyahət istəklərindən daha çox ölkəyə turist cəlb olunması və azərbaycanlı iş adamlarının xaricdə sərmayə qoymasının asanlaşdırılması əsas götürülür: " "Məncə, burada sırf qazanc məqsədi və iqtisadi maraqlar ön plandadır".
A.Əliyevin fikrincə, Maldiv adaları və digər uzaq ölkələrlə vizasız rejimə keçid vətəndaşların Avropaya gediş-gəliş məhdudiyyətini əvəz etmir, ölkədə siyasi rejimin sərtləşməsi isə insanların dünya ilə əlaqəsini getdikcə çətinləşdirir. Siyasətçi hesab edir ki, insan hüquqlarının pozulması, vəkillərin həbsi, müxalifət və müstəqil medianın sıxışdırılması, eləcə də məhkəmə müstəqilliyinin olmaması Aİ ilə vizasız rejimə keçid imkanlarını məhdudlaşdırır.
A.Əliyev Avropa ölkələrinin Azərbaycanla münasibətlərində iqtisadi maraqları demokratiya və insan hüquqlarından üstün tutduğunu desə də, enerji əməkdaşlığının vizasız rejimlə nəticələnəcəyinə inanmır: "Avropa ölkələri üçün Azərbaycandan qaz almaq problem deyil. Amma viza məsələsini aradan qaldırmaq artıq problemdir".
Bununla belə, o, geosiyasi və iqtisadi maraqların gələcəkdə Avropa İttifaqının mövqeyini dəyişə biləcəyini də istisna etmir.