Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın media qanununu Venesiya Komissiyasında müzakirəyə çıxarılacaq

Avropa Şurasının Venesiya Komissiyası 17-18 iyun iclasında Azərbaycanın “Media haqqında” qanununu da müzakirəyə çıxaracaq. Hüquqşünas Xalid Ağalıyev yazır ki, dörd nəfərlik ekspert qrupu qanunun Avropa Şurası standartlarına uyğunluğunu araşdıraraq rəy hazırlayıb. Qərarın iyunun 20-də açıqlanması gözlənir.

1949-cu ildə yaradılan Avropa Şurasının başlıca məqsədi insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin müdafiəsidir. Azərbaycan baş qərargahı Fransanın Strasburq şəhərində olan quruma 2001-ci ildə qoşulub.

Venesiya Komissiyası şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumudur.

2021-ci il dekabrın 10-da üzə çıxan “Media haqqında” qanun layihəsini Milli Məclis həmin ayın 30-da qəbul edib. 2022-ci il fevralın 8-də prezident İlham Əliyev qanunu imzalayaraq onun tətbiqinə fərman verib.

Yerli və beynəlxalq tənqidçilər qanunun insan hüquqları, ifadə azadlığı və media azadlığı sahəsində beynəlxalq standartlara uyğun olmadığını, media sahəsini və jurnalist peşəsini ifrat dərəcədə tənzimlədiyini, hakimiyyət orqanlarına jurnalistlərin işini məhdudlaşdırmaq səlahiyyəti verdiyini deyir.