Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda vaxtı keçmiş kreditlər artıb

Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.5 milyon manat təşkil edib.

Mərkəzi Bankın (AMB) bu gün, fevralın 26-da yaydığı hesabatdan bəlli olur ki, bu, yanvarın 1-i ilə müqayisədə 6.3 faiz çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17.35 faiz artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7 faiz təşkil edib. Bu nisbət ötən ilin sonuna 1.6 faiz olub.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi. Lakin sonradan vaxtı keçmiş kreditlərdə yenidən azalma müşahidə edilmişdi. Bununla belə, 2024-cü ilin sonlarından yenidən əks proses getməyə başladı.

İqtisadçılar bunu əhalinin maddi vəziyyətinin nisbətən ağırlaşması ilə izah edirlər.