Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti olacaq

Prezident İlham Əliyev "uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sənəddə Nazirlər Kabinetinə tapşırılır ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələrini üç aya hazırlayıb ona təqdim etsinlər.

Habelə, məktəbəhazırlıq qruplarında, ümumi təhsil müəssisələrində mobil, elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsi tapşırılır.

Xatırlatma

Amma belə hal dünyada bir elə də yayılmayıb. Yalnız ötən il dekabrın 10-da Avstraliya yaşı 16-dan az olanların sosial mediadan istifadəsini qadağan edib. Bu, dünyada ilk belə haldır. Bir çox valideynlər və uşaq hüquqları fəalları bu addımı alqışlayıb, böyük texnologiya şirkətləri, söz azadlığı müdafiəçiləri isə tənqid ediblər.

Ardınca Böyük Britaniya da, Avstraliya kimi, uşaqlar üçün sosial media qadağasını nəzərdən keçirir. Hökumət sosial media qadağasının uşaqlar üçün effektiv olub-olmayacağını araşdıracağını bildirib.

Azərbaycanda isə bəzi ekspertlər hökumət orqanlarının bu məhdudiyyətdən sui-istifadə edəcəklərindən narahatdırlar. Onların fikrincə, ölkədə fundamental azadlıqlar qorunmur. Hərçənd, rəsmilər bununla razı deyillər.