Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda problemli kreditlər son bir ildə 42 faizdən çox artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi yenə artmaqda davam edir. Mərkəzi Bankın bu gün, oktyabrın 27-də açıqladığı hesabata görə, bu il oktyabrın 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 754.3 milyon manata çatıb.

Son bir ildə problemli kreditlərin həcmində – bəzi aylar (ötən ilin dekabrı, bu ilin iyun və avqust ayları) istisna olmaqla – davamlı artım müşahidə edilib. Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 35, bir il əvvəlki dövrlə nisbətdə isə 42 faizdən çox artıb.

Rəsmi qurumlar problemli kreditlərdəki bu artım tendensiyasını hələlik şərh etməyiblər. Müstəqil ekspertlər isə bu prosesi birbaşa əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin getdikcə pisləşməsi ilə əlaqələndirirlər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, nəticədə manat iki dəfədən çox dəyər itirmişdi. O dövrdə problemli kreditlərin məbləğinin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı. Həmin fərmana əsasən, 10 min dollara qədər kredit götürmüş fiziki şəxslərin 2015-ci il devalvasiyaları nəticəsində yaranmış borc fərqini dövlət ödədi. Bu addımdan sonra problemli kreditlərin həcmi azaldı.

2021-ci ilin əvvəlində vaxtı keçmiş kreditlərin yenidən artdığı açıqlandı və bu tendensiya koronavirus pandemiyası ilə əlaqələndirildi. 2022-ci ildə isə problemli kreditlərin azaldığı vurğulanırdı. Amma son bir ildə, əsasən, tam əks proses müşahidə edilir.