Rumıniyada Rusiyaya bağlı diversiya şəbəkəsi ifşa edilib
28 Oktyabr 2026
Rumıniya kəşfiyyatı birbaşa Rusiya xüsusi xidmət orqanlarının yönləndirdiyi diversiya şəbəkəsini ifşa etdiyini açıqlayıb. Kəşfiyyatın məlumatına görə, həmin şəbəkə bu ilin sentyabrında Braşov şəhərindəki "Carfil" müdafiə sənayesi müəssisəsini yandırmağa cəhd göstərib.
"Digi 24" telekanalının yaydığı məlumata görə, hazırda ikisi Belarus, biri isə Ukrayna vətəndaşı olmaqla, ümumilikdə üç nəfər barəsində araşdırma aparılır. Rumıniya hakimiyyəti artıq onların həbsi üçün order verib. Şübhəlilərdən ikisi Almaniyada, üçüncüsü isə Polşada saxlanılıb. Rumıniya tərəfi onların ekstradisiyasına nail olmağa çalışır.
Prokurorluq bildirir ki, hər üç şübhəli şəxs Rumıniya ilə yanaşı, Avropa İttifaqının digər ölkələrində də müəyyən obyektlərə hücumlar planlaşdırıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, istintaq zamanı Rumıniyadakı mülki və beynəlxalq hərbi obyektlərə, həmçinin Ukrayna Silahlı Qüvvələrinin təlim keçdiyi məkanlara qarşı diversiya cəhdləri aşkarlanıb.
Araşdırmalar sentyabrda Braşovda, "Romarm"ın törəmə müəssisəsi olan "Carfil" zavodunun yaxınlığındakı sənaye zonasında çıxan yanğından sonra başlayıb. Həmin yanğın bir neçə kommersiya şirkətinin baş ofisinə ciddi ziyan vurmuşdu.
2026-cı ilin sentyabrında Rumıniya rəsmiləri 40 yaşlı Rusiya vətəndaşının saxlanılması barədə də məlumat açıqlamışdı. O, Moskvanın tapşırığı ilə diversiya hazırlamaq üçün hərbi obyektlərin foto və videoçəkilişini aparmaqda şübhəli bilinirdi.
Avropa ölkələri Moskvanı Ukraynaya hərbi yardım göstərənlərə qarşı diversiya, kiberhücum və dezinformasiya fəaliyyətlərində ittiham edirlər. Bu qəbildən olan ittihamlardan biri də avqustda Leypsiq/Halle hava limanına dron hücumu ilə bağlıdır ki, bu da Berlinlə Moskva arasındakı münasibətləri daha da gərginləşdirib.
Rusiya isə bu cür diversiyalarda hər hansı iştirakını dəfələrlə təkzib edib.