Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Rusiyadan yenidən qaz alır?

Moskvada Azərbaycan ilə Rusiya arasında enerji əməkdaşlığının gündəliyində duran aktual məsələlər müzakirə olunub. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü və 8-ci Sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Tsivilyovla görüşüb. Görüş zamanı həm GECF çərçivəsində tərəfdaşlıq, həm də Azərbaycan-Rusiya enerji əməkdaşlığının aktual bəndləri ətrafında fikir mübadiləsi aparılıb.

Bir sıra kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, rəsmi Bakı Rusiyanın "Qazprom" şirkətindən yenidən qaz almaq niyyətindədir. Azərbaycan 2022-ci ildə də sözügedən şirkətlə qaz tədarükünə dair müqavilə imzalamışdı. Həmin razılaşmaya əsasən, 2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər Rusiyadan Azərbaycana 1 milyard kubmetrə yaxın qazın nəqli nəzərdə tutulurdu. Lakin son illərdə Azərbaycanın sanksiyalar altında olan şimal qonşusundan qaz idxalını əhəmiyyətli dərəcədə azaltdığı bildirilirdi.

Xatırlatma

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzə başlayıb, bundan səkkiz il əvvəl isə Ukraynanın Krım yarımadasını ilhaq etmişdi. Yeni müharibənin başlaması ilə Qərb ölkələri və bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdiriblər. Azərbaycan bu sanksiyalara qoşulmasa da, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu ölkəyə humanitar yardım göstərdiyini dəfələrlə bəyan edib.