Azərbaycanda dəniz mövsümü başlayıb
15 İyun 2024
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilir.
Çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib. Müvafiq qurumlar tərəfindən Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərinin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib.
Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.
Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər nəticəsində dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.