Azərbaycanda daha bir bank azaldı
07 Mart 2026
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bank BTB" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verib.
AMB-nın martın 6-da yaydığı məlumata görə, qərar "Bank BTB"nin müraciəti əsasında verilib: ""Bank BTB" ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq, "Bank BTB"də depozitləri olan fiziki, hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq".
Vurğulandığına görə, "Bank BTB"nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır: ""Bank BTB" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6 faiz, kredit portfelində 0.9 faiz, sektorun öhdəliklərində isə 0.6 faiz təşkil edir".
"Bank BTB" ASC 2010-cu ildə təsis edilib və 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərib. Açıqlanan qərara onun təmsilçilərindən ayrılıqda münasibət almaq mümkün olmayıb.
Bank və BOKT-un fərqi…
BOKT-lar da banklar kimi kredit verə bilir, amma əmanət cəlb edə bilmir. BOKT-ların əmanət cəlb etməsi yalnız Mərkəzi Bankın lisenziyası əsasında mümkündür.
"Bank BTB"nin BOKT-yə çevrilməsi ilə Azərbaycanda bankların sayı 21-ə düşür
Xatırlatma
Azərbaycanda 2015-ci il devalvasiyalarına qədər bankların sayı 43-ə çatmışdı. Sonradan onlardan bir çoxunun öhdəlikləri yerinə yetirə bilməmələri səbəb göstərilərək lisenziyaları ləğv edildi. Bəzi banklara qoyulan əmanətlərin qaytarılması ilə bağlı da çoxsaylı şikayətlər eşidildi.