Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Azərbaycana faciələr gətirən ordunun yaranma günü bayram edilə bilməz” – EMİN HƏSƏNLİ

Hər il eyni vaxtda – 23 fevral ərəfəsində müzakirəyə çıxarılan “kişilər günü” cəmiyyətdə birmənalı qarşılanmır. Bu günün qeyd olunmasının əleyhidarları ilə yanaşı tərəfdarları da var.

Bir vaxtlar sovet ordusunun yaranması kimi qeyd olunan bu günlə bağlı müzakirələr Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda daha kontraslı məcraya yönəlib.

Xatırladaq ki, SSRİ-də ordunun yaranma günü kimi qeyd olunan 23 fevralda xanımlar öz ataları, qardaşları, həyat yoldaşlarını bayram münasibətilə təbrik edirdilər. Bu gün də öz hərbi xidmət dövrünü və yaxud da öz doğmalarının xidmət dövrünü xatırladan şəxslər var və onlar bu günün qeyd olunmasını məqbul hesab edirlər.

Hərbi ekspert Emin Həsənli isə hesab edir ki, belə bayramlara birdəfəlik son vermək lazımdır.

“Bu işğalçı bir ordunun yaranma günüdür. Bizim özümüzün Silahlı Qüvvələrin yarandığı gün, yəni 26 iyun var. Biz də həmin günü qeyd etməliyik. Bəziləri 8 noyabr Zəfər gününə üstünlük verir. “Qarabağ işğaldan azad olunmayana qədər kişilər günü qeyd edilməsin” kimi fikirlər var idi. 8 noyabr bütünlükdə xalqın, ordunun, Ali Baş Komandanın bayramıdır. 8 noyabr Zəfər Günü bayramında  şəhid analarılnın, qazilərimizi dünyaya gətirən anaların haqqı daha çoxdur. Ona görə də əgər söhbət hansısa günün “kişilər bayramı” kimi qeyd olunmasından gedirsə 26 iyunda qeyd olunması daha ədalətli olar”.

Emin Həsənli 23 fevralı qeyd etmək fikrində olanların diqqətinə çatdırmağı vacib bilir ki, məhz həmin ordu Azərbaycanda hansı faciələr törədib:

“Məhz 23 fevral 1920-ci ildə Şərqdə ilk demokratik cümhuriyyəti işğal edən, 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır. Məhz 23 fevralda yarana ordunun silahları ilə ermənilər Azərbaycan torpaqlarını işğal etdi, Xocalı soyqırımını törətdi. Ona görə bunu bayram deyil, əksinə qara günlərdən biri kimi qeyd etməliyik. Azərbaycana facilər gətirən ordunun yaranma günü bayram edilə bilməz. Bizim üçün bayram müstəqil, suveren Azərbaycanın ordusunun yaranma günü olan 26 iyundur və biz bu günü “kişilər günü” kimi qeyd etməliyik”.