Azərbaycan və Macarıstan strateji dialoq haqqında protokol imzalayıblar
05 İyun 2024
İyunun 5-də Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Strateji Dialoqun 2-ci iclasının yekunlarına görə birgə mətbuat konfransı keçiriblər.
Görüşdə əsas müzakirə mövzuları ticari-iqtisadi əlaqələrin inkişafı, energetika məsələləri, qarşılıqlı investisiyalar olub.
Eyni zamanda, Azərbaycan-Ermənistan sülh danışıqlarına və Macarıstanın Avropa İttifaqına altı aylıq sədrliyi dövründə siyasət prioritetlərinə toxunulub.
Danışıqların yekunlarına görə iki ölkə arasında strateji dialoq haqqında yekun protokol və iki ölkənin Xarici İşlər nazirlikləri arasında konsulluq əməkdaşlığı haqqında memorandum imzalanıb. Bu barədə yekun mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Macarıstan arasında ticarət həcminin əhəmiyyətli dərəcədə artımı müşahidə olunur və tərəflər bu həcmi daha da artırmaq niyyətindədirlər. Siyasət, iqtisadiyyat, nəqliyyat, ticarət, energetika sahələrində, humanitar sahədə və digər sahələrdə əməkdaşlıq artan xətt üzrə davam edir.
"Macarıstan Azərbaycan qazının alıcıları arasındadır və Bakı-Tbilisi-Ceyhan layihəsində 8,9% paya malikdir. Bundan başqa, Macarıstan "Şah Dəniz" yatağının iştirakçıları arasına daxil olub.
Nazirin sözlərinə görə, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında fəal iştirak edir, xüsusən, Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidənqurmasını həyata keçirir.
Macarıstanda azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. "Artıq 1300-ə yaxın azərbaycanlı tələbə Macarıstan hökuməti tərəfindən həyata keçirilən təqaüd proqramından istifadə edib. Bu yaxınlarda layihənin müddəti uzadılıb".
Öz növbəsində, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyaro bildirib ki, iyulun 1-dən etibarən Macarıstan Avropa İttifaqının sədri öhdəliklərini icra edəcək.
Macarıstanın sədrliyi dövründə Avropa İttifaqının əsas prioriteti təşkilatın Qərbi Balkan ölkələri istiqamətində genişlənməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə və Avropa İttifaqının rəqabətədavamlılığının artırılması olacaq.
Yeni dünya nizamı haqqında danışan nazir bildirib ki, dünya yenidən siyasi bloklara bölünə bilər. Ukraynadakı müharibə buna gətirib çıxara bilər, bu da hamı üçün problem olacaq.
Azərbaycanla ikitərəfli münasibətlərə toxunan nazir Budapeştin Bakı ilə strateji münasibətləri möhkəmləndirməkdə maraqlı olduğunu qeyd edib.
"Azərbaycan Avropanın, xüsusilə də Macarıstanın enerji təhlükəsizliyində vacib rol oynayır", deyə Siyarto bildirib.