Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan üçün Brüssel yoxsa Moskva?

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, söhbətdə Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub.

Ötən ilin dekabrından bəri Ş.Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin üç görüşü keçirilib. Sonuncu görüş mayın 22-də olub. Görüşdə iki ölkə arasında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.

İkinci Qarabağ müharibəsindən sonra isə iki ölkə arasında əsas vasitəçi Rusiya idi. Hərçənd, Rusiya hələ də bu iki ölkə arasında vasitəçilikdən vaz keçməyib.

"Danışıqlarda dominant olmağa çalışırlar"


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Azadlıq Radiosuna deyib ki, istər Rusiya, istərsə də Avropa İttifaqı öz maraqları baxımından regionda nüfuz sahibi və danışıqlarda dominant olmağa çalışırlar.

O xatırladıb ki, Azərbaycan Rusiya ilə hər hansı hərbi blokda olmasa da, MDB məkanında bir yerdədir: "Eyni zamanda, Avropaya enerji təhdidinin qarşısını alacaq dövlətik. Bizim məqsədimiz Qarabağ probleminin həllidir. Ona görə də hər iki qüvvədən hansı beynəlxalq hüquq normalarına istinadən problemin həllinə yardımçı olsa, biz razılaşarıq".

Deputat hansı qüvvənin Azərbaycanın yanında olmasının ciddi problem olması qənaətindədir: "Çünki xarici siyasətdə ümumi maraqlar əsas götürülür, nəinki kimin yanında olmaq. Rusiyanın beynəlxalq vəziyyətinin gərgin olduğu nəzərə alınsa, o da problemin həllində maraqlıdır. Qərb də enerji təhdidinin qarşısını alan dövlətlə bir yerdə olmaq istəyər".

"2025-ci ilə qədər bunlar həllini tapsa,…"


A.Nağıyev həm Brüsselin, həm də Moskvanın region üçün faydalı ola biləcəyini düşünür: "Azərbaycan hər iki tərəflə öz mənafeyindən çıxış edərək təmaslarını qurur. Bizim marağımız odur ki, tezliklə sülh sazişi imzalansın, sərhədlərin demilitasiyası və demarkasiyası başlanılsın, ardınca nəqliyyat dəhlizi açılsın. 2025-ci ilə qədər bunlar həllini tapsa, Rusiya sülhməramlılarının Azərbaycandan çıxması ilə bağlı addımlar atılacaq".

"Rusiya Qarabağa çıxmaq üçün daxil olmayıb"


Politoloq Azər Qasımlı isə hesab edir ki, strateji olaraq ümumən regiona Avropa İttifaqının güclənməsi fayda verər: "Ancaq hazırda Azərbaycan və Ermənistan razılaşsa da, Rusiya ordusunu oradan çıxarmayacaq, hətta Brüssel dəstək versə də. Rusiya Qarabağa çıxmaq üçün daxil olmayıb. Yalnız o halda çıxar ki, onlara Gəncə, yaxud başqa yerdə hərbi baza verilsin. Gələcək üçün Avropa İttifaqı daha faydalıdır. Avropa İttifaqının də bölgəyə hərbi kontingent yeritmək marağı yoxdur".

A.Qasımlının sözlərinə görə, əgər Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyacaqsa, bu, müsbət olacaq və bu, Avropa İttifaqının formatında mümkündür: "Amma Rusiyanın danışıqlar formatında bunu görməmişik. Sadəcə, Rusiya bölgədən çıxıb ərazini Azərbaycanın bölgəsi kimi tanıya bilər, bunun müqabilində Rusiya sülhməramlılarına hərbi baza istəyəcək".

Amma o düşünür ki, Rusiyanın istəkləri bunlarla bitməyəcək: "Ardınca Avrasiya İttifaqına, Gömrük Birliyinə üzv olmağımızı da istəyə bilər. Bu isə Azərbaycanın Avroatlantik inteqrasiyadan uzaqlaşıb Rusiyanın maraq dairəsinə düşməsi anlamına gəlir".

Avropa İttifaqının layihəsi…


Azərbaycanın Avropa İttifaqı yanındakı Daimi Nümayəndəliyinin keçmiş başçısı Arif Məmmədov də hesab edir ki, Avropa İttifaqının Azərbaycan və region üçün konkret nələrsə təklif etmək imkanları var: "Hələ 2000-ci illərin əvvəllərində Baş nazir Artur Rəsizadə Brüsseldə olarkən Avropa İttifaqının nəqliyyat üzrə baş direktoru Fransua Lamur onunla görüşdə boş kağızı qoyub demişdi ki, dəhlizlərin bərpası üçün məbləği yazın və biz də dəstək verək. O, bu dəhlizlərin gələcəkdə Avropa nəqliyyat dəhlizlərinə qoşulmasında maraqlıydı, Türkiyədən Bolqarıstana və ardınca balkan ölkələrinə gedəcəkdi".

"Avropa İttifaqının Rusiyadan fərqi…"


A.Məmmədov vurğulayıb ki, Avropa İttifaqının Rusiyadan fərqi hökumətlərə hakimiyyətdə qalmaq üçün dəstək verməməsi və münaqişəni dondurmaq marağının olmamasıdır: "Avropa Birliyi Cənubi Qafqaz regionuna vahid yanaşma sərgiləyir. Gürcüstana imtina cavabı yalnız bu ölkədə siyasi problemlərlə bağlı deyil. Brüssel üç ölkəni bir yerdə bütün təşəbbüslərə cəlb etməyi vacib sayır. Xatırlayırsınızsa, əvvəlcə Ermənistana 2.5 milyard avro ayrılmışdı, sonradan düşündülər ki, üç ölkəyə vahid yanaşma lazımdır".

"Moskvanın məqsədi…"


Diplomatın fikrincə, Moskvanın məqsədi sülhməramlı kontingentinin vaxtını növbəti 5 il üçün uzatmaq və mövcudluğunu regionda uzun müddətə təmin etməkdir: "Rusiya yalnız təxribatlarla məşğuldur. Fikir verin, Brüssel danışıqlarından sonra hər iki ölkənin başçısı ya Moskvaya çağrılır, ya da başqa problemlər yaratmağa cəhd edir. Adi bir misal, Nikol Paşinyan Brüsseldə bir bəyanat verir, Moskvaya gedib qayıdandan sonra mövqeyi dəyişir. Avropa İttifaqının də maraqları var, amma bu maraqlar regionu Qərb istiqamətinə yönəltməkdir. Bu da keyfiyyətli təhsil, səhiyyə, azad bazar, normal seçki deməkdir".

Səslənən fikirlər, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Xatırlatma


Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.