Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan niyə Mətbuat Azadlığı İndeksində 164-cü yerdədir?

"Sərhədsiz Reportyorlar"ın 2024-cü il üçün illik Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 164-cü yerə yerləşdirilib. 

Bu aşağı göstəricinin səbəbi ölkədə 2014-cü ildən etibarən "sonuncu tənqidi səslərə qarşı amansız müharibənin" aparılmasıdır, deyə təşkilatın hesabatında bildirilir.

Ölkədə, demək olar ki, mətbuat məkanı hakimiyyətin nəzarəti altındadır, dövlət senzurasına məruz qalan "Azadlıq" və "Meydan TV" kimi müstəqil xəbər saytlarının əksəriyyəti isə xaricdə yerləşir.

Hakimiyyət hələ də müstəqil olan KİV-lərin və jurnalistlərin informasiya əldə etmək imkanlarını məhdudlaşdıraraq, onları boğmağa çalışır, rəsmi orqanlar isə buna reaksiya verməkdən imtina edir.

Mətbuat sektorunun tənzimlənməsinə görə cavabdeh orqanların rəhbərləri, habelə Mətbuat Şurası isə hakimiyyət tərəfindən təyin olunur. Hökumətyönlü KİV-lərdən tənqidi səsləri təhdid etmək və onları nüfuzdan salan şəxsi məlumatları dərc etmək üçün istifadə olunur. 

Son 20 ildə KİV-lərlə bağlı qanunvericilik getdikcə daha da repressivləşib.

2022-ci ilin fevralında qüvvəyə minən KİV haqqında qanun senzuranı qanuniləşdirir. Bu sektoru tənzimləyən bəzi qanunlar ölkənin mətbuat azadlığı və ifadə azadlığı sahəsində beynəlxalq öhdəliklərinə ziddir.

Hökumətin Facebook və ya YouTube kimi sosial şəbəkə istifadəçiləri tərəfindən istənilən tənqidi ciddi şəkildə cəzalandırıla bilər.

2014-cü ildən etibarən beynəlxalq donorlarla əməkdaşlıq qadağan edilib. Hökumət reklam sənayesinə nəzarət etdiyinə görə ölkədə heç bir müstəqil KİV inkişaf edə bilmir. Hökumətyönlü KİV-lər pul mükafatı və rəsmi subsidiyalar alır. Hakimiyyət onlarla işləyən jurnalistləri mənzil və ya digər maddi rifahlarla təmin etməkdən də çəkinmir.

Özlərini KİV kimi qələmə verən bəzi saytlar əslində reketlə məşğuldur və bəzən məmurların nəzarətində olur.

Müstəqil jurnalistlər təzyiqə, şantaj və ya korrupsiya cəhdlərinə müqavimət göstərirsə, onlar absurd bəhanələrlə həbs olunur.

20 ildən çoxdur heç bir dövlət qulluqçusu və ya polis jurnalisti döydüyünə və ya təhqir etdiyinə görə cəzalandırılmayıb.

Reportyorlar öz mənbələrinin qorunmasına zəmanət verə bilmirlər. Hakimiyyət ölkəni tərk edənləri susdurmağa çalışaraq, onların ölkədə qalan ailə üzvlərinə hücum edir və hətta mühacirətdə onları təhdid edir.

Bu gün Azərbaycanda 13 jurnalist və bir mətbuat işçisi həbsdədir. Bu, Avropada ən yüksək göstəricilərdən biridir, deyə Mətbuat Azadlığı İndeksində qeyd edilir. (Turan)