Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Avropa Sülh Fonduna maraq göstərib

Azərbaycan Avropa Sülh Fondu çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığın mümkünlüyünün öyrənilməsində maraqlıdır.

Bu barədə Brüsseldə Avropa İttifaqı-Azərbaycan təhlükəsizlik dialoqunun beşinci iclasında bildirilib, Avropa Xarici Siyasət Xidməti məlumat yayıb.

İclas iştirakçıları "Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti haqqında açıq və səmimi fikir mübadiləsi", eləcə də xarici siyasətin və təhlükəsizlik üzrə siyasətin qarşılıqlı maraq doğuran aktual məsələləri ətrafında müzakirələr aparıblar.

İclasda həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə və daha geniş regional təhlükəsizlik məsələlərinə toxunulub. Bu kontekstdə regional sabitliyə yardımın vacibliyi qeyd edilib.

Azərbaycanda Ermənistanla Azərbaycan arasında dialoqun ikitərəfli xarakteri vurğulanıb. Avropa İttifaqı regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və çiçəklənən Cənubi Qafqazın yaradılması məqsədilə sülh prosesinə öz davamlı dəstəyini qeyd edib.

Azərbaycanın "etibarlı və mühüm enerji tərəfdaşı" kimi rolu və Orta dəhlizin gələcək inkişafında əhəmiyyəti vurğulanıb.

Avropa İttifaqının Azərbaycanda humanitar minalardan təmizlənməyə və mina qurbanlarına yardımına dəstəyi qiymətləndirilib. Bildirilib ki, Avropa İttifaqının Team Europe təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın mina əleyhinə fəaliyyət proqramına yardımlar davam etdiriləcək. Azərbaycan tərəfi Avropa sülh Fondu  çərçivəsində Avropa İttifaqı ilə mümkün əməkdaşlığın öyrənilməsində maraqlı olduğunu təsdiqləyib.

Görüşün sonunda Avropa İttifaqı və Azərbaycan xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələrin davam etdirilməsi barədə razılığa gəliblər. Onlar həmçinin Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə konstruktiv işin vacibliyini vurğulayıblar.

Görüşün həmsədrləri kimi Avropa Xarici Əlaqələr Xidmətinin siyasi məsələlər üzrə baş katibinin müavini Enrike Mora və Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev çıxış ediblər.

*Avropa Sülh Fondu Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti çərçivəsində hərbi və müdafiə əhəmiyyətli tədbirlərin büdcədənkənar maliyyələşdirilməsi mexanizmidir.

2021-2027-ci illər üçün ümumi büdcəsi 7,9 avrodur. Fondun vəsaitinin əsas hissəsini Ukrayna alıb (4,6 milyard avro). Alıcılar arasında Gürcüstan, Moldova, Mozambik və digər ölkələr var.