Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra etmədiyinə görə tənqid edilir
14 İyun 2024
Avropa Şurası Nazirlər Komitəsinin 1501-ci toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra durumunun növbəti müzakirəsi başa çatıb. Avropa Şurası Nazirlər Komitəsinin 3 gün davam edən toplantısında Azərbaycanla bağlı 25-dən artıq qərarın icra durumu müzakirə edilib, qurumun yekun qətnamələri elan edilib.
Müzakirə olunan “Anar Məmmədli qrupu”nda Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
“Xədicə İsmayılova qrupu” çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin Xədicə İsmayılovanın şikayətləri üzrə qəbul etdiyi 2 qərarın və “Abbasəliyeva Azərbaycana qarşı” qərarının icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır. Bu qrupun işinin icrası çərçivəsində Azərbaycan hökuməti jurnalistlərin effektiv qorunması mexanizmi yaratmalı, jurnalistlərə qarşı yol verilən cinayətlərin araşdırılmasını, ifadə və şəxsi həyata hörmət hüququ ilə bağlı məhkəmə təcrübəsinin inkişaf etdirilməsini təmin etməlidir.
“Namazov qrupu” işi keçmiş vəkillər olan ərizəçilərin əleyhinə Konvensiyanın 6-cı, 8-ci və 10-cu maddələri pozulmaqla, peşələrindən məhrum edilmələrinə səbəb olan intizam araşdırması zamanı Konvensiyanın müxtəlif pozuntuları ilə bağlıdır. Bu qrupda 3 qərarın icrasına nəzarət edilir. “Aslan İsmayılov Azərbaycana qarşı” qərarı icra edilsə də, digər keçmiş vəkillər Xalid Bağırov və Elçin Namazov peşələrinə bərpa edilməyiblər.
Avropa Şurası Nazirlər Komitəsi “Anar Məmmədli qrupu” işi ilə bağlı qətnaməsində ərizəçilərin məhkumluqlarının hələ də qüvvədə olmasından təəssüfləndiyini ifadə edib. “Nazirlər Komitəsinin çoxsaylı və təcili çağırışlarına və onun sədrinin bu işlərlə bağlı məhkəmə qərarlarından irəli gələn öhdəliklərinə tam və səmərəli riayət etmək üçün hakimiyyət orqanlarını təcili həll yolları tapmağa çağıran məktubuna baxmayaraq, qalan ərizəçilərin məhkumluqlarının ləğv edilməsi üçün daxili məhkəmələr qarşısında çoxdan gözlənilən icraatın nəticələrinə dair hər hansı yeni məlumatın təqdim edilməməsindən dərin üzüntüsünü ifadə edir”, qətnamədə vurğulanır. Komitə ərizəçilərin işlərinə Ali Məhkəmədə baxılmasının yubanmasının anlaşılmaz olduğunu ifadə edərək, hökuməti bu haqda məlumat verməyə çağırıb.
“Xədicə İsmayılova qrupu” işi üzrə qətnamədə hazırda İsmayılovanın fəaliyyətini davam etdirə bilməməsinin səbəblərilə bağlı izahat istənilib.
“Xanım İsmayılovanın jurnalist kimi fəaliyyətini maneəsiz davam etdirməsi imkanının təkcə mühüm fərdi tədbir deyil, həm də ümumi tədbirlərlə sıx bağlı olduğunu xatırladaraq, ərizəçinin jurnalist kimi fəaliyyətinin hazırda hüquqi çərçivə də daxil olmaqla, bütün hallarda əngəllənməsilə bağlı rəsmiləri buna aydınlıq gərtirməyə dəvət edir”, qətnamədə vurğulanıb.
Sənəddə “Media haqqında” qanunla bağlı narahatlıq təkrar vurğulanıb. “Hökumətin bu qanunla bağlı Komitənin narahatlığına cavab olaraq məlumat verməməsindən təəssüflənirik və “Media haqqında” qanunun tətbiqini Şuranın standartları ilə tam uyumlu hala gətirmək üçün bütün konkret tədbirlərin işlənib hazırlanması ilə bağlı əvvəlki çağırışları təkrarlayırıq”.
Nazirlər Komitəsi həmçinin Azərbaycan rəsmilərini ifadə azadlığı hüququnun başqalarının müdaxiləsindən qorunmasını təmin etmək üçün siyasi mesajlar verməyi, jurnalistlərin və digər media subyektlərinin təqiblərinə qarşı çıxışlar etməyi nəzərdən keçirməyə dəvət edib.
Komitə vurğulayıb ki, bu qrupla bağlı bütün suallara aydınlıq gətirilməzsə, gələn ilin mart ayında aralıq qətnamə qəbul ediləcək.
“Namazov qrupu” işi üzrə qətnamədə Ali Məhkəmənin plenumunun ərizəçilərdən Aslan İsmayılovun barəsində əvvəlki qərarları ləğv etməsi və onun Azərbaycan Vəkillər Kollegiyası üzvlüyünə bərpa edilməsi alqışlanır. Həmçinin ən qısa zamanda digər ərizəçilər Bağırov və Namazovun barəsində də eyni addımların atılması istənilir. Komitə bu işdə də növbəti toplantıya qədər irəliləyişlər olmazsa, aralıq qətnamənin qəbul ediləcəyini ifadə edib.
Nazirlər Komitəsi həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı 12 qərarının icrasına nəzarətin qapadılmasına qərar verib.
Aşağıdakı qərarların icrasına nəzarət qapadılıb: “Maniyev və başqa 5 ərizəçi Azərbaycana qarşı”, “Məhəmməd Bağırov Azərbaycana qarşı”, “Abdulla Mahmudov və başqa 5 ərizəçi Azərbaycana qarşı”, “Cavid İbrahimov və Saqif Qurbanov Azərbaycana qarşı”, “Ağahüseyn Gözəlov Azərbaycana qarşı”, “Həsən Həsənli və başqa 6 ərizəçi Azərbaycana qarşı”, “Ramin Əhmədli və başqa 3 ərizəçi Azərbaycana qarşı”, “Zöhrə Hacıyeva Azərbaycana qarşı”, “Nurlan Sarıyev və başqa 14 ərizəçi Azərbaycana qarşı”, “Səfərov Azərbaycana qarşı”, “Mehdiyev Azərbaycana qarşı”, “Hümeyir Əhmədov Azərbaycana qarşı”.