Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ayaqlar altından zirvəyə ucalan sənət, minillərdir yaşayan xalq əmanəti – REPORTAJ

Gözümüzü dünyaya açandan nənələrimizin toxuduğu xalçaların rəngarəng dünyasına düşmüşük. Hananın altından iməkləyib, qalxıb yerimişik, balaca barmaqlarımız ilmələrin üzərində naxış cızıb. Ağır həvəni əlimizdən alıblar ki, ayağına salarsan, qaçıb kirkidi götürmüşük, qayçıdan yapışmışıq. Hana kəsilib, xalça havaya atılanda onun qatının arasından o tərəf-bu tərəfə keçib, xalçanın təzə qoxusunu almışıq. Xalça bizə belə doğma, belə əzizdir. Nənələrimizin yaradıb analarımıza, onların da bizə ötürdüyü milli, doğma sənətdir. O sənət ki, anasının toxuduğu xalçaların ilmələri ilə ilmə-ilmə böyümüş bizlərdən biri onu ayaqlar altına sərilən məişət əşyası səviyyəsindən qaldırıb, sənət zirvəsinə ucaltdı. Hər xalq öz milli sənəti ilə tanınar-dedi, bu da bizim dünyaya tanıtmalı olduğumuz böyük sənətdir. Azərbaycan xalçalarının hələ bizim eradan çox-çox əvvəl təşəkkül tapdığını əsaslandırıb, Azərbaycan xalçaçılığı öz inkişaf mərhələsinə şərqşünasların və sənətşünasların iddia etdikləri kimi, XVIII əsrdə deyil, ondan xeyli əvvəl çatdığını sübut etdi. Azərbaycanda ticarət hələ eramızdan əvvəl inkişaf etmişdi, tətbiqi sənətlər, o cümlədən xalçaçılıq sənəti də həmin vaxtdan təşəkkül tapmışdı. Bunu həm şifahi xalq ədəbiyyatı, yazılı mənbələr, həm arxeoloji qazıntılardan tapılmış xalça nümunələri, həm də xatirələrimiz təsdiqləyir. O bizlərdən biri Azərbaycanın görkəmli şəxsiyyəti, alimi, sənətkarı, xalça ustası, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimovdur. Şuşalı papaqçı Məşədi Hüseynlə xalçaçı Telli Hacı Nəsib qızının oğlu Lətif Kərimov.

Son illər müharibədən və pandemiyadan sonra yaranmış ətaləti incəsənətin müxtəlif sahələrində keçirilən tədbirlər-sərgilər, premyeralar, təqdimatlar əridib yox edir. Belə tədbirlərdən biri də “Xalq” Bankın “Xalq Əmanəti” layihəsinin 22-ci nəşrinin təqdimatı oldu.  Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabının növbəti nəşrinin təqdimatı idi.



“Xalq” Bankın əsas ofisində təqdimat düzənlənən zal xalçalarla bəzədilmişdi. İçəri girməmiş caz bəstəkarı, Xalq artisti Salman Qəmbərovun barmaqlarından süzülən canlı musiqinin sədaları insanın ruhunu oxşayırdı. Rəssamlar, yazıçılar, mədəniyyət və ədəbiyyat adamları, doğma simalar bir birini salamlayır, söhbət edir, Lətif Kərimovun xalçalarının ahənginə qoşulurdular. Adama elə gəlirdi ki, indi hardansa adamlar arasından Lətif Kərimov çıxıb qonaqlarla görüşəcək...

Onun 1961-ci ildə Leninqrad şəhərində çap olunmuş “Azərbaycan xəlçəsi” kitabının əsasında yenidən azərbaycan və ingilis dillərində dərc edilmiş bədii albomunun nüsxələri masaların üzərində düzülüb. Vərəqləyin insanların simasına təbəssüm qonur.

Çox keçmir, gecənin təşkilatçılarından Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti Rafiq Həşimov məclisi açır və sözü həmkarı Dilarə Səlimə verir. Dilarə xanımın həlim səsi insanların diqqətini eyni nöqtəyə - tribunaya cəlb edir.



Çıxış edən Xalq rəssamları Fərhad Xəlilov, Eldar Mikayılzadə, Aydın Rəcəbov və digərləri kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd etdilər. Bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan danışdılar.

Çıxışçılar dedilər ki, Lətif Hüseyn oğlu Kərimov 1906-cı ilin noyabr ayının 17-də Şuşa şəhərində anadan olub. O, Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalçaçı rəssam kimi deyil, eyni zamanda xalça sənətini, incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olub.

Lətif Kərimovun “Azərbaycan xalçası” əsəri yeni nəşrdə öz məzmun və əsas quruluşunu saxlayıb. Əsərdə ilk dəfə olaraq xalçalar xovsuz və xovlu kimi iki hissəyə bölünür, onların dörd əsas inkişaf mərhələsi təyin edilir. Əsərdə müəllif yenə də ilk dəfə Azərbaycanın ayrı-ayrı xalça məktəblərini “növ” və “qrup” adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırıb, daha sonra ayrı-ayrı qruplara bölmüş, bu qruplara daxil olan xalçaların, qısaca da olsa, bədii və texniki xüsusiyyətlərini təhlil edib.

Xalça mütəxəssisi 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplayıb. Onların əksər hissəsinin qrafik rəsmləri əsərdə damalı kağızlar üzərində yerləşdirilmiş və bu elementlərin xalçalar arasında işlənən adları və müəllifin şəxsi fikirləri qeyd edilmişdir.

Azərbaycan xalçaları əsrlər boyu yalnız Azərbaycan və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanıb, dünya bazarlarında çox yüksək qiymətləndirilib.  Mahir xalça ustalarımızın bu vaxta kimi yaratdığı ən gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanmaqdadır.

Lətif Kərimov xalça sənətinin dərin tədqiqatçısı olmaqla yanaşı, istedadlı ornamentalist-rəssam idi. O, həmçinin ədəbiyyat tarixini dərindən bilir, bəzən şeirlər yazırdı. Lətif Kərimov “Azərbaycan xalçası” əsərində xalçaçılıqla əlaqədar olaraq orta əsr Azərbaycan və İran klassiklərinin əsərlərindən də misallar gətirir.

1941-ci ildə XII əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə istedadlı rəssamlarımız (K.Kazımzadə, İ.Axundov, R.Mustafayev və b.) və xalça ustaları L.Kərimovun rəhbərliyi və hazırladığı çeşnilər əsasında şairin poemaları mövzusunda beş xalça hazırlanıb. Lətif Kərimov yüzlərcə portret və ornamental xalçalar yaradıb, özündən sonra zəngin irs qoyub gedib. Həmin əsərlər Azərbaycan, Avropa, Amerika muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Dünyada ilk xalça muzeyini Lətif Kərimov yaradıb. 1980-ci ildə L.Kərimovun təşəbbüsü ilə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Rəssamlıq fakültəsində ilk dəfə olaraq xalça şöbəsi açılıb.

Azərbaycan Elmlər Akademiyasının yaradıldığı gündən (1945-ci il) ömrünün axırına kimi (1991-ci il) Lətif Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda xalça şöbəsinin müdiri işləyib. Xxalça elmi sahəsində çoxsaylı mütəxəssislər hazırlayıb.

Qoyub getdiyi ən böyük töhfə isə “Azərbaycan xalçası” kitabıdır. Bu əsərdən sonra yaranan xalça sənəti üzrə tədqiqat işlərinin əksəriyyəti bu kitabdan qidalanır.

“Xalq” Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Azərbaycan xalçası” kitabı Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir.



“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiyasını isə “Xalq” Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar pr., 22L) seyr edə bilərsiniz. Kitabı da ordan əldə etmək olur. Sərgini iş günləri saat 18:00-dan 21-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Giriş sərbəstdir.

Çiskinli dekabr axşamı belə isti, əsrarəngiz mühitdən xoş əhvalla çıxıb, şəhərin qələbəliyinə qarışırsan, amma beynin, düşüncən hələ də Lətif Kərimovun barmaqlarından çıxan xalçaların ilmələri arasında gəzişir. Əsil sənət də budur, sərgisindən çıxa bilərsən, ağuşunda isə uzun müddət saxlayır.



Ramilə Qurbanlı