ABŞ və İran anlaşma ilə bağlı razılığa gəliblər? - "Axios" "hə", deyir, "Tasnim" isə yox!
29 May 2026
ABŞ və İran atəşkəsin 60 gün uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün anlaşma memorandumu barədə razılığa gəliblər.
Bu barədə "Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid sosial mediada məlumat verib.
"ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər. Lakin Prezident (ABŞ) Donald Tramp hələlik yekun razılığını verməyib. Prezident vasitəçilərə bildirib ki, yekun qərar verməzdən əvvəl bunu nəzərdən keçirmək üçün bir neçə günə ehtiyacı var", - deyə o, vasitəçilikdə iştirak edən iki yüksək vəzifəli ABŞ rəsmisinə və regional mənbəyə istinadən qeyd edib.
İranın öhdəlikləri
Memorandumda İran uran zənginləşdirilməsi və ehtiyatlarından imtina məsələsini danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürür.
İran 30 gün ərzində Hörmüz boğazındakı minaları təmizləməlidir.
ABŞ öhdəlikləri
ABŞ İranın aktivlərinin azad edilməsi və sanksiyaların ləğvi məsələsini müzakirə etməyi öhdəsinə götürür.
ABŞ İrana qarşı blokadanı ləğv edəcək
Blokadanın ləğvi Hörmüz boğazından gəmiçilik bərpa olunduqca baş verəcək.
"Tasnim" agentliyi isə danışıqlar komandasına yaxın mənbəyə istinadən İran və ABŞ arasında münaqişənin həlli üzrə saziş layihəsinin hələ də razılaşdırılmadığını bildirir.
"Bəzi qərb mənbələrinin İran və ABŞ arasında sözdə anlaşma memorandumunun mətninin yekun olaraq təsdiq edildiyini və elanını gözlədiyini iddia etməsi həqiqətə uyğun deyil. İran hələ vasitəçi Pakistana mətnin yekun təsdiqini elan etməyib", - mənbə qeyd edir.