Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropadan Azərbaycana yeni tələblər

Dekabrın 6-dan 8-dək Strasburqda (Fransa) Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra durumunu müzakirə edən Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana bəzi tələblər qoyub. Aihmaz.org bildirir ki, qətnamədə media qanunvericiliyinin keyfiyyətinə toxunulur, 2021-ci ildə qüvvəyə minmiş “Media haqqında” qanunun dəyişdirilməsi, tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırılması istənir.

Başqa tələbə görə, hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, fəallar Qiyas İbrahimov, Bayram Məmmədov (2021-ci ilin may ayında həlak olub), jurnalist Xədicə İsmayılın məhkumluqları ləğv edilməli, cinayət qeydləri silinməli və ittihamların bütün digər nəticələri aradan qaldırılmalı, mülki hüquqları tam bərpa olunmalıdır.

Nazirlər Komitəsi həmçinin hüquqşünaslar Elçin Namazov və Xalid Bağırovu təxirə salınmadan Vəkillər Kollegiyası üzvlüyünə bərpa etməyə çağırıb.

1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.

Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.