Avropa ölkələri və Aİ Ukraynaya yeni yardım paketlərini elan edib
25 Fevral 2025
Britaniyanın Baş naziri Kir Starmer bu il üçün ölkəsinin Ukraynaya 4.5 milyard funt-sterlinq ayıracağını bəyan edib. Bu, indiyədək Britaniyanın ayırdığı ən böyük maliyyə dəstəyidir. Starmer Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin üçüncü ildönümü ilə bağlı Kiyevdə keçirilən Ukraynaya dəstəklə bağlı sammitə onlayn qatılıb.
"Bu müharibədə bütün kartlar Rusiyanın əlində deyil... Çünki ukraynalılar öz ölkələrini müdafiə etmək cəsarətinə malikdir... Çünki Rusiyanın iqtisadiyyatı problemlər içindədir... Ona görə də biz davamlı sülh üçün təzyiqi daha da artırmalıyıq, nəinki döyüşdə fasilə verməliyik", - deyə Starmer ABŞ prezidenti Donald Trampın "kartlar Rusiyanın əlindədir" fikrinə işarə edərək deyib.
Baş nazir Starmer deyib ki, davamlı və ədalətli sülh üçün Ukraynaya hərbi dəstək gücləndirilməli, Rusiyaya iqtisadi təzyiqlər daha da artırılmalı və kollektiv güc sülh səylərinə yönəldilməlidir. O, müharibənin ilk günlərindən bəri Birləşmiş Krallığın Rusiyaya qarşı ən böyük sanksiya paketini elan etdiyini də açıqlayıb. O, Ukraynanın danışıqlar masasında yer almalı olduğunu vurğulayıb.

Kiyevdə sammit
Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen də sammitdə şəxsən iştirak edib və o, çıxışında Ukraynaya "silah və sursatların çatdırılmasını sürətləndirməliyik" deyib.
"Bu, təkcə Ukraynanın taleyi deyil, Avropanın da taleyi təhlükə altındadır", - Avropa Komissiyasının prezidenti çıxışında vurğulayıb. O, Aİ-nin Ukraynaya əlavə 3,5 milyard avro yardım ayıracağını elan edib.
Sammitə qatılan İspaniyanın Baş naziri Pedro Sançez də ölkəsinin Ukraynaya 1 milyard avro ayıracağını açıqlayıb.
"İspaniya keçmişdə etdiklərimizdən daha qətiyyətlə hərbi dəstək və avadanlıq verməyə davam edəcək", - Baş nazir Sançez deyib.
Kanadanın baş naziri Castin Trüdo isə çıxışında bildirib ki, onun ölkəsi Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 5 milyard dollar yardım göndərəcək. O, Ukrayna üçün əlavə 25 yüngül zirehli avtomobil və Ukraynanın elektrik şəbəkəsinin təhülkəsizliyinə kömək niyyətilə qrant vəd edib. Kanadanın hökumət başısı da çıxışında müharibənin başa çatması ilə bağlı istənilən danışıqlarda Ukraynanın birbaşa iştirakının zəruriliyini vurğulayıb.
Norveç 2025-ci ildə Ukraynaya yardım üçün 3,5 milyard avro ayırmaq niyyətindədir.
Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe Kiyevdə bildirib.
Baş nazir əlavə edib ki, ölkəsi bütün mümkün vəsaitləri ayırmağa davam edəcək.
Störe qeyd edib ki, göstərilən məbləğdən 1 milyard avro humanitar yardıma, 300 milyon avro enerji sahəsinə, 300 milyon avro isə sənayenin inkişafına yönəldiləcək. O, qalan vəsaitin hansı ehtiyaclar üçün nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Danimarka, İsveç və Finlandiya hökumətləri də Ukraynaya əlavə humanitar, hərbi və enerji yardımı ayıracaqlarını elan ediblər.