Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa ABŞ-a qarşı - Rüsum tətbiqi qəbuledilməzdir

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı vəziyyətə görə rüsumlar tətbiq etmək qərarını qəbuledilməz adlandırıb.

Müvafiq açıqlama Fransa liderinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

O qeyd edib ki, Paris Avropa daxilində və onun hüdudlarından kənarda dövlətlərin suverenliyi və müstəqilliyi prinsipinə sadiqdir.

"Biz məhz bu mövqedən Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Elə bu səbəbdən də biz Danimarka tərəfindən Qrenlandiyada təşkil olunan təlimlərə qoşulmaq qərarı verdik. Bu qərarı dəstəkləyirik. Çünki burada Arktikanın və Avropamızın sərhədlərinin təhlükəsizliyi məsələsi gündəmdədir.

Heç bir hədə və ya təhdid bizi nə Ukraynada, nə Qrenlandiyada, nə də dünyanın başqa bir yerində bu kimi vəziyyətlərdə təsir altına sala bilər.

Rüsumların tətbiqi ilə bağlı hədələr bu kontekstdə qəbuledilməz və yolverilməzdir. Əgər bu təsdiqlənərsə, avropalılar vahid və koordinasiyalı şəkildə reaksiya verəcəklər. Biz Avropa suverenliyinin qorunmasını təmin edəcəyik", – deyə Makron vurğulayıb.

O bildirib ki, bu mövzuda Avropa tərəfdaşları ilə danışıqlar aparmaq niyyətindədir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə bildirib ki, Qrenlandiya ilə bağlı qərarı Danimarka və ada sakinləri verməlidir.

Starmer bu barədə Amerika lideri Donald Trampın Qrenlandiya məsələsinə görə Böyük Britaniya da daxil olmaqla, səkkiz Avropa ölkəsinə qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı bəyanatını şərh edərkən deyib.

"Qrenlandiya ilə bağlı mövqeyimiz tamamilə aydındır: ada Danimarka Krallığının bir hissəsidir və onun gələcəyi qrenlandiyalıların və danimarkalıların işidir. Biz həmçinin açıq şəkildə bildirmişik ki, Arktikada təhlükəsizlik bütün NATO üçün vacibdir və müttəfiqlər Arktikanın müxtəlif hissələrində Rusiyadan gələn təhlükəyə qarşı birlikdə mübarizə aparmalıdırlar", – deyə Starmer bəyan edib.

O həmçinin Trampın rüsumların tətbiqi ilə bağlı qərarını "tamamilə yanlış" adlandırıb.

"Biz, əlbəttə ki, bu məsələni birbaşa ABŞ administrasiyası ilə müzakirə edəcəyik", – deyə Starmer fikrini tamamlayıb.

Qeyd edək ki, Tramp daha əvvəl səkkiz Avropa ölkəsinə qarşı rüsumların tətbiqini elan etmişdi.