AVRO-2024: İsveçrə ilk qələbəsini qazanıb
15 İyun 2024
Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin I turu çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlib.
A qrupunun ikinci oyununda isveçrəlilər 3:1 hesabı ilə qələbə qazanıb.
Görüşdə hesabı 14-cü dəqiqədə Murat Yakının baş məşqçisi olduğu yığma açıb. Kvadvo Dua dəqiq oynayıb. Fasilə ərəfəsində Mişel Ebişer macarları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
66-cı dəqiqədə fərqlənən Barnabaş Varqa hesab arasındakı fərqi azaltsa da, matçın sonuna artırılan dəqiqələrdə adını tabloya yazdıran Brel Embolo İsveçrənin qələbəsində pay sahibi olub.
Qeyd edək ki, bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.