ATƏT-in Minsk Qrupu ləğv edilməlidir - İlham Əliyev
14 May 2024
ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan bütün təsisatlar ləğv olunmalıdır. Bu barədə mayın 14-də Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın XİN başçısı İan Borqla görüşündə bildirib.
Görüşdə Borq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsi üzrə danışıqlar prosesini dəstəklədiyini bildirib.
Öz növbəsində, Əliyev qeyd edib ki, bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz Azərbaycan olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib.
Əliyevin sözlərinə görə, Azərbhazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.
Əliyev xatırladıb ki, nə ATƏT, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.
Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub.
"Buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır", deyə Əliyev bildirib.
Görüşdə ATƏT çərçivəsində nəqliyyat bağlantıları məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Borq ölkəsinin kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər konsepsiyasını yaxından dəstəklədiyini və bu ölkələrin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına daim dəstək verdiyini diqqətə çatdırıb. O, Maltanın Azərbaycanın COP29-a sədrliyi çərçivəsində Azərbaycanla bu itiqaməndə əməkdaşlığa hazır olduğunu bildirib.
Əliyev öz növbəsində Azərbaycanın COP29-a sədrliyi çərçivəsində kiçik ada dövlətləri və inkişaf etməkdə olan dövlətlər mövzusunun prioritetlərdən biri olacağını qeyd edib.