Anar Məmmədli 4 ay müddətinə həbs edilib
30 Aprel 2024
Aprelin 30-da Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədlini 3 ay 28 gün müddətinə həbs edib. Bu barədə Turan-a onun vəkili Elmar Süleymanov bildirib.
Müdafiə tərəfi məhkəmənin qərarını qanunsuz hesab edir, çünki Məmmədlinin cinayət məsuliyyətinə cəlb edilməsi və həbs olunması üçün heç bir əsas yoxdur.
Anar Məmmədli özü də ittihamları təkzib edib, onların əsassız olduğunu və siyasi sifariş olduğunu bildirib.
Vəkilin sözlərinə görə, istintaq Məmmədlinin qaçaqmalçılıq törətməsinin heç bir dəlilini təqdim etməyib. Hakim Sülhanə Hacıyeva isə müdafiə tərəfin prosesin audioyazısının və videoçəkilişinin aparılması haqqında vəsatətini təmin etməyib.
Qərardan apellyasiya şikayəti veriləcək.
Məmmədli aprelin 29-da Abzas Media-nın işi üzrə saxlanılıb. Ona 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddə ilə ittiham irəli sürülüb.