
"Amerikanın Səsi" Qlobal Media Agentliyini məhkəməyə verir
24 Mart 2025
“Amerikanın Səsi”nin (VOA) jurnalistləri daxil olmaqla bir qrup Tramp administrasiyası və digər rəsmilərə qarşı məhkəmə iddiası qaldırıb, onları dövlətin maliyyələşdirdiyi yayımçıları qanunsuz bağlamaqda ittiham edir.
İddia martın 21-də Nyu York Cənub Dairəsində qaldırılıb. İddiada deyilir ki, Tramp administrasiyasının bir həftə öncəki fərmanı ABŞ-ın Qlobal Media Agentliyinə (USAGM) “zəncirli mişar” yanaşması sərgiləyib.
Həmin fərmanla USAGM daxil olmaqla yeddi federal agentlikdə böyük ixtisarlar aparılması nəzərdə tutulub. Bundan bir neçə saat sonra VOA işçiləri administrativ məzuniyyətə göndərilib, ofisləri qapadılıb.
Bir çox media hüququ təşkilatları, təhlilçilər deyirlər ki, bu qərar dünyada avtoritarları ürəkləndirəcək, çünki onların əhalisi üçün “vacib informasiya mənbəyi” yoxa çıxır.
İddiada USAGM-in direktoru vəzifəsini icra edən Viktor Morales və xüsusi müşavir Keri Leykin adları çəkilir. Qeyd olunur ki, Tramp administrasiyasının USAGM-i qapatmaq yönündə addımları VOA işçilərinin Birinci Düzəlişlə bağlı hüquqlarının pozulmasıdır.
İddiada məhkəmədən xahiş olunur ki, USAGM vasitəsilə maliyyələşən xəbər qurumlarının fəaliyyəti bərpa olunsun. Azad Avropa/Azadlıq Radioları (RFE/RL), Azad Asiya Radiosu (RFA) və Yaxın Şərq Yayım Şəbəkəsinin (MBN) qrantları da VOA bağlanan gün kəsilib.
İddiaya VOA-nın altı jurnalistindən savayı Amerika Hökumət İşçiləri Federasiyası (AFGE), Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) və daha 3 qurum da qoşulub.
Trampın açıq tərəfdarı olan Leyk xəbəri şərh etməyib. Bu həftə o, The Washington Post, The New York Times qəzetlərinin, NPR, CBS kanallarının. 60 Minutes proqramının müsahibə üçün müraciətlərini rədd edib. Leyk X hesabında yazıb:
“Mən nüfuzdan düşmüş “xəbər” orqanlarına müsahibə vermirəm”.
Tramp və Leyk daxil olmaqla bir çox respublikaçılar iddia edirlər ki, VOA və digər yayımçılar solçu propaqandasına yoluxub. Qurumlar isə bu ittihamı əsassız
AzadlıqRadiosu da martın 18-də USAGM, Leyk və Moralesə qarşı məhkəmə iddiası qaldırıb, onların radionun federal qrantını kəsmək cəhdini bloklamağa çalışır.
“Amerikanın düşmənlərinin propaqandası və senzurasına yer verməyin vaxtı deyil”, – AzadlıqRadiosunun prezidenti Stiven Kapus (Stephen Capus) deyib.