Alimlər xərçəngin müalicəsi üçün yeni preparat hazırladılar
28 Noyabr 2026
Xərçənglə bağlı tədqiqatlarda CDK12 və CDK13 protein kinazaları terapiya üçün perspektivli hədəflər kimi diqqət çəkir. Bu fermentlər DNT-ni transkripsiya edən RNT-polimeraza II zülal kompleksinə fosfat qrupunun köçürülməsi, yəni fosforlaşma yolu ilə genlərin transkripsiyasını tənzimləyir. CDK12 və CDK13-ün qəbul edilməsi xüsusilə uzun genlərin transkripsiyasını pozur. Bu isə DNT zədələrinin bərpasında qüsurlara və nəticədə xərçəng hüceyrələrinin çoxalmasının qarşısının alınmasına səbəb olur.
Terapevtik potensialına baxmayaraq, bu protein kinazalarını hədəf alan və ağızdan qəbul edilə bilən inhibitorların hazırlanması ləng irəliləyib. Bu, Kioto Universiteti və "Chordia Therapeutics" şirkətinin tədqiqatçılar qrupunu belə bir preparat hazırlamağa, onun effektivliyini və təsir mexanizmlərini yoxlamağa sövq edib.
Tədqiqatın nəticələri "EMBO Molecular Medicine" jurnalında dərc olunub.
İlk olaraq tədqiqatçılar CTX-439 adlı CDK12/CDK13 inhibitoru hazırlayıblar. Daha sonra onu müxtəlif xərçəng hüceyrə xətlərində və süd vəzi xərçənginin siçan modellərində sınaqdan keçiriblər. Ardınca komanda CRISPR texnologiyasından istifadə etməklə genetik skrininq aparıb və CTX-439-a qarşı davamlılıqla əlaqəli iki mühüm amil - BCL-2 və BCL-xL zülallarını müəyyən edib. Bu zülallar antiapoptotik xüsusiyyətə malikdir, yəni hüceyrələrin proqramlaşdırılmış ölümünü - apoptozu - dayandırır və bununla da xərçəng hüceyrələrinin çoxalmasına şərait yaradır.
Təhlillər göstərib ki, CTX-439 uzun genlərdə transkripsiyanın uzanmasına mane olur, eyni zamanda MCL1 kimi qısa genlərdə transkripsiyanın normadan artıq davam etməsinə şərait yaradır. Beləliklə, preparat hər iki növ genə effektiv təsir göstərir.
Nəhayət, komanda CTX-439-u BCL-2/BCL-xL inhibitoru ilə birlikdə sınaqdan keçirib. Bu kombinasiya ayrı-ayrılıqda istifadə edilən inhibitorların hər biri ilə müqayisədə apoptozu əhəmiyyətli dərəcədə gücləndirib və effektiv şişəleyhinə aktivlik nümayiş etdirib.
"Bu yüksək selektiv və ağızdan qəbul edilə bilən inhibitorun hazırlanması bizi xərçəngin müalicəsinin yeni üsuluna bir addım da yaxınlaşdırıb. CTX-439-un effektivliyinə təsir edən amillərin müəyyənləşdirilməsi daha güclü şişəleyhinə aktivliyə malik kombinə edilmiş müalicə üsullarının hazırlanmasına gətirib çıxara bilər", - deyə "Chordia Therapeutics Inc." şirkətinin aparıcı elmi əməkdaşı Hiroko Yamakava bildirib.
Tədqiqatçılar CTX-439-un təsir mexanizmlərini daha dərindən öyrənmək və bu araşdırmada istifadə olunan kombinə edilmiş terapiyanı qiymətləndirmək üçün klinikayaqədərki tədqiqatları davam etdirməyi planlaşdırırlar.