Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada daha bir qruplaşma terrorçu təşkilatlar siyahısına salındı

Rusiyada “Batal-Hacı Belxoroyevin ardıcılları icması” (“Batalhacılar”) terrorçu təşkilatların vahid federal siyahısına daxil edilib.

Bununla bağlı məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəsmi saytında dərc olunub.

Qeyd edək ki, oktyabrın 14-də Rusiya Ali Məhkəməsi sözügedən icmanı terrorçu təşkilat kimi tanıyaraq ölkə ərazisində fəaliyyətini qadağan edib.

FTX-nin iddiasına görə, təşkilatın 2024-cü ildə Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktına, eləcə də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun qətlinə aidiyyəti var.

Rusiya xüsusi xidmət orqanı, həmçinin təşkilatı 2009-cu ildə “Nevski Ekspress” qatarının partladılmasında və 2004-cü ildə İnquşetiyada dövlət qurumlarına hücumlarda iştirak etməkdə ittiham edir.