Logo
news content
User
Kateqoriyalar

Xəbər

Akif Qurbanov görüş və telefon danışığı hüququndan məhrum edilib

İyunun 1-də "III Respublika Platforması"nın İdarə Heyətinin həbsdə olan sədri Akif Qurbanovun ailə üzvləri ilə görüşməsinə və evə zəng etməsinə icazə verilməyib. Yoldaşları hesab edirlər ki, Qurbanovun hüquqlarının pozulmasının səbəbi onun Apellyasiya Məhkəməsindəki nitqində Azərbaycan hakimiyyətini tənqid etməsidir.

"III Respublika Platforması"nın məlumatında  deyilir ki, iyunun 1-də 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüş verilməyib. Ona gətirilən sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib. Ona aparılan kitablar isə geri qaytarılıb.

Elə həmin gün Qurbanovun evə zəng etməsinə də icazə verilməyib, deyə mənbənin məlumatında bildirilir.

Xatırladaq ki, Qurbanov Azərbaycan hakimiyyətini və güc qurumlarının metodlarını tənqid edib, bu metodları "Stalin Xalq Daxili İşlər Komissarlığı" ilə müqayisə edib. Onun nitqi KİV-də dərc olunub.
Yoldaşları son günlər ətrafdan tamamilə təcrid olunmuş Qurbanovun aqibətinə görə narahat olduqlarını bildiriblər.

* Akif Qurbanov 6 mart 2024-cü il tarixində Toplum TV-nin işi çərçivəsində saxlanılıb. Martın 8-də Xətai Rayon Məhkəməsi onu 4 ay müddətinə həbs edib.

Eyni zamanda, Toplum TV saytının təsisçisi Ələsgər Məmmədli, "III Respublika Platforması"nın üzvü Ruslan İzzətli, Topum TV-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham olunub, hakimiyyətyönlü KİV-lər isə qeyd edilən şəxslərin xaricdən "qanunsuz" qrantlar aldığı haqqında məlumat yayıb.

Beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini ədalətsiz olaraq həbs olunmuş şəxsləri azad etməyə çağırıb.