Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib
17 Aprel 2024
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərarə əsasən, kassasiya şikayətləri təmin olunmayıb, apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarına əsasən, Akif Çovdarovun şikayəti rədd edilib və onun müsadirədən azad edilmiş 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyonluq əmlakı yenidən müsadirə edilib.
Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib. (APA)