Aİ Rusiya aktivlərinin müddətsiz bloklanmasına dair xüsusi qanunu təcili qəbul etməyə çalışır
10 Dekabr 2025
Avropa İttifaqı ölkələri 210 milyard avro dəyərindəki Rusiya aktivlərinin müddətsiz bloklanmasına dair qanunu tez bir zamanda qəbul etməyə hazırlaşır.
Bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, məqsəd – qarşıdakı Aİ sammitində Macarıstanın Baş naziri Viktor Orbanın veto qoymasının qarşısını almaqdır.
Planlarla tanış olan rəsmilərin sözlərinə görə, milli vetonu keçmək üçün fövqəladə səlahiyyətlər nəzərdə tutan bu qanunun tələsik qəbulu ABŞ-ın apardığı Ukrayna müharibəsinə dair sülh danışıqlarında Brüsselin təsir imkanlarını qorumağa yönəlib.
Qanun üzərində işləyən diplomatlar aktivlərin dondurulması ilə bağlı mübahisəli məsələni yaxın günlərdə Rusiya aktivlərindən istifadə etməklə Kiyevə kredit verilməsi barədə müzakirələrdən ayırmağın üstünlük olacağını bildirirlər.
Qeyd olunub ki, Macarıstan və digər Aİ ölkələri bu qərardan narazı qala bilərlər.
Əlavə edilib ki, ötən həftə Avropa Komissiyası Rusiyaya məxsus 210 milyard avro həcmində xarici aktivlərdən istifadə etməklə Kiyevə ilkin olaraq 90 milyard avroluq kredit ayrılmasını təklif edib. Bu kredit növbəti iki il ərzində ödənilməlidir.
Bildirilir ki, bu kredit sxeminin işləməsi üçün aktivlər müddətsiz dondurulmalıdır. Hazırda aktivlər yalnız altı aylıq dövrlər üçün dondurula bilər və bu müddət ancaq Aİ-nin 27 üzvünün yekdil razılığı ilə uzadıla bilər.