Aİ Azərbaycanda minadan təmizlənməyə daha 10 milyon avro ayıracaq
27 İyun 2024
Bakıda Avropa İttifaqı ölkələrin və Azərbaycan Minatəmizləmə Agentliyinin minatəmizləmə üzrə ekspertlərinin ilk görüşü keçirilib. Bu təşəbbüs Avropa İttifaqının Azərbaycanda humanitar minatəmizləməyə dəstək üzrə daha geniş fəaliyyətinin bir hissəsidir.
Avropa İttifaqı və bu təşkilata üzv dövlətlər hazırda Azərbaycanda ərazilərin minalardan təmizlənməsi üzrə ən böyük beynəlxalq fəaliyyət donorudur.
Bunun bariz nümunəsi bu ilin mayında "Team Europe" kampaniyasına start verilməsidir.
Aprelin 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığından sonra Avropa İttifaqı bu problemin öhdəsindən gəlmək üçün Azərbaycana əlavə maliyyə yardımı göstərməyi planlaşdırır.
2024-2025-ci illərdə proqramın davam etdiyi müddətdə Azərbaycana əlavə 10 milyon avro ayrılması nəzərdə tutulur.
İyunun 25-də keçirilən görüş Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən idarə ediləcək Təkmilləşdirmə Mərkəzinin yaradılmasına yardım etmək üçün tədbirlər silsiləsində ilk olub.
Mərkəzdə xüsusi tədris vasitələri, elmi araşdırmalar və inkişaflar üçün imkanlar olacaq.
Əsas diqqət minalardan təmizlənmədə ən son texnika və texnologiya nümunələrinin istifadəsinə yönəldiləcək.
Bu məqsədlə Avropa Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAİEX) çərçivəsində Azərbaycan Minatəmizləmə Agentliyilə birlikdə təşkil edilən ilk seminar ən qabaqcıl təcrübə, öyrənilmiş dərslər və innovativ həllər mübadiləsi üçün platforma təklif edib. Sloveniya, Bosniya və Herseqovinadan ekspertlər strateji planlaşdırma, mina əleyhinə fəaliyyətdə gender bərabərliyi, zərərçəkənlərə yardım göstərilməsi və digər sahələrdə biliklərini və çoxillik təcrübələrini bölüşüblər.