"Ağ şəhər"də adamlardan xəbərsiz evlərini söküblər
26 Fevral 2026
"Ağ şəhər"də adamlardan xəbərsiz onların evini söküb, yerində tikinti aparıblar. Ev sahibləri bir də xəbər tutublar ki, əmlaklarından əsər-əlamət yoxdur.
İnna Sadıxova, Sevinc Məlikova, Tatyana Abışova, Elnarə Abışova və Rüstəm Abışov buna görə Xətai rayon İcra Hakimiyyətini məhkəməyə verib. Onlar mənzilin sökülməsinə görə maddi ziyanın əvəzi kimi hər birinə 30 min manatdan olmaqla, ümumilikdə 150 min manat tələb ediblər. Mənəvi zərərə görə isə hərəsinə 7 min manatdan istəyiblər.
İddiaçılar məhkəməyə şikayətində göstəriblər ki, indiki "Ağ şəhər"də - "Kislotnı küçəsi 17" ünvanında yerləşən 11 saylı mənzil 1964-cü ildə onların anasına işlədiyi Q.Qarayev zavodundan verilib. Onların hamısı həmin mənzildə qeydiyyatda olmaqla, onillərlə orada yaşayıblar. Sonralar mənzil çox təmirsiz vəziyyətdə olduğundan müvəqqəti başqa yerə köçüblər: "Düşündük ki, imkan olanda evi təmir etdirərik. Lakin "Ağ şəhər" layihəsi icra olunanda bizdən xəbərsiz evimizi də söküblər, yerində də binalar tikiblər. Bir gün evimizə baş çəkməyə gələndə gördük ki, heç nə yoxdur, yerində tikinti gedir. Evin içindəki əşyalar, sənədlər də məhv edilib".
İcra hakimiyyətinin cavabı
Mənzil sahibləri Xətai rayon İcra Hakimiyyətinə üz tutublar. Onlara gələn cavab məktublarında göstərilib ki, "Ağ şəhər" layihəsi ilə bağlı hələ 2013-cü ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı olub. Layihənin həyata keçirilməsi məqsədilə ərazidəki evləri və qeyri-yaşayış sahələrini qiymətləndirmə şirkəti dəyərləndirib, sahiblərinə kompensasiyalar ödənilmək şərti ilə ərazidə köçürülmə işləri aparılıb.
Şikayətçilərin evinə gəlincə, Xətai rayon İcra Hakimiyyətinin müxtəlif vaxtlarda göndərdiyi cavab məktublarında vurğulanıb ki, həmin mənzilin dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşüb. Qiymətləndirmə işləri aparılanda da yararsız halda olduğuna görə onu dəyərləndirmək mümkün olmayıb. Bu üzdən kompensasiya hesablanmayıb. İcra hakimiyyətinin bu cavablarından sonra onlar məhkəməyə üz tutublar.
Bakı İnzibati Məhkəməsi onların iddiasını təmin etməyib. Qərarını da belə əsaslandırıb ki, onlar məhkəməyə mənzilə bağlılıqlarının sübutu kimi, qeydiyyatda olmaları barədə arayışdan başqa heç nə təqdim etməyiblər.
110 min manat kompensasiya ödəniləcək
Vətəndaşlar bu qərardan narazı qalıb və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişib və əmlak sahiblərinin şikayətini qismən təmin edib. Bu instansiyada qərar çıxarılıb ki, evlərinin sökülməsi nəticəsində beş nəfər şikayətçiyə dəymiş ziyanın əvəzi olaraq, icra hakimiyyəti onlara 110 min manat kompensasiya ödəsin.
Apellyasiya məhkəməsi qərarında vurğulayıb ki, hətta icra hakimiyyətinin məktublarında da evin yararsız (dam örtüyü və bir hissəsi) olduğu, bu üzdən qiymətləndirmə aparılmadığı göstərilib. Yaşayış üçün şərait olmadığından sakinlərin orada qalmaması normal haldır: "İddiaçıların həmin ünvanda yaşayış sahəsinin - evinin olması aşkar təsdiq olunur. Belə olan halda, onlara məxsusluğu şübhəsiz olan əmlakın sökülməsi müqabilində onlara yalnız müvafiq orderin təqdim oluna bilməməsi səbəbindən zəruri kompensasiyanın verilməsindən imtina edilməsi əsaslı olmayıb".
İcra hakimiyyəti şikayətçilərə kompensasiya ödəmək qərarı ilə razılaşmayıb və Ali Məhkəməyə kassasiya şikayəti verib. Bugünlərdə Ali Məhkəmədə bu mübahisəyə baxılıb və yekun qərar çıxarılıb – 110 min manat kompensasiya ödənişi ilə bağlı nəticə qüvvədə saxlanılıb.