Logo
news content
User
Kateqoriyalar

Xəbər

Adı olub, özü olmayan xidmət - Kimi aldadırsınız?

Parklarda "wi-fi" şəbəkələri var, ancaq internet yoxdur. Layihəyə görə, vətəndaşlar bu ərazilərdə internetdən pulsuz istifadə etməlidirlər. Məlumat üçün bildirək ki, pulsuz internet, Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” parklarında da aktiv edilib.

Ancaq hazırda bəzi ərazilərdə "wi-fi" şəbəkələri işlək vəziyyətdə deyil. Qeyd etdiyimiz kimi, parklarda "Wi-Fi" şəbəkələrinin yaradılmasında məqsəd həmin ərazidən istifadə edənlərin pulsuz internetdən yararlanması idi. Ancaq "Wi-Fi" şəbəkələri bəzi ərazilərdə artıq işləmir. Bu hal daha çox Səməd Vurğun, Xaqani parkı, Hüseyn Cavid parkı, "Qış parkı"nda müşahidə edilir. Bu ərazilərdə ya internet ümumiyyətlə işləmir, ya da vətəndaşlar şəbəkəyə qoşulsalar da, internetin sürəti aşağı olduğundan, xidmətdən istifadə edə bilmirlər.

Adıçəkilən parklarda pulsuz internetə dair lövhələrə rast gəlinsə belə, sistem işləmir. Bir sözlə, adı var, özü yox.

“Xidmətlərin optimallaşdırılması məqsədilə ictimai “wi-fi”ların mövcud olduğu ərazilərdə istifadə üzrə monitorinq işləri aparılıb”

Mövzu ilə bağkı “Bakı Telefon Rabitəsi” MMC-dən bildirildi ki, xidmətlərin optimallaşdırılması məqsədilə ictimai “wi-fi”ların mövcud olduğu ərazilərdə istifadə üzrə monitorinq işləri aparılıb: “Daha çox tələbatın olduğu ərazilər istisna olmaqla, Qış parkı, Sabir bağı, Zabitlər parkı, Xaqani bağı, Hüseyn Cavid parkı, Axundov bağı, İzmir parkı və bir sıra istirahət yerlərində iyunun 29-dan etibarən internet xidmətin dayandırılması haqqında qərar qəbul edilib”.

Son olaraq onu da qeyd edək ki, park və digər ictimai yerlərdə pulsuz internetin olması yerli vətəndaşların rahatlığı ilə yanaşı, turistləri də cəlb etmək üçün vacibdir. Bu səbəbdən də park və digər ərazilərdə internetin verilişində hər hansı əngəl olmazsa, ölkəyə gələcək turistlərin sayı da artar. (Bakixeber)