ABŞ Yaxın Şərqdə qüvvələrini artırır
03 Oktyabr 2026
İranla gərginliyin yüksək olaraq qaldığı bir vaxtda ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır. Bu arada prezident Donald Tramp Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edib-etməməyi nəzərdən keçirdiyini bildirib.
“Axios” ABŞ rəsmilərinə və regiondakı bir mənbəyə istinadla bildirib ki, ABŞ hərbçiləri əsas enerji obyektlərini İranın mümkün hücumlarından qorumaq üçün bu yaxınlarda Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdiriblər. Bir sistem Səudiyyə Ərəbistanında neft obyektini, digəri isə Qətərdə təbii qaz obyektini qorumaq üçün göndərilib.
ABŞ regiona əlavə hərbi dəniz qüvvələri də göndərir. Bunlara USS Theodore Roosevelt aviadaşıyıcısının zərbə qrupu və USS Makin Island gəmisinin başçılıq etdiyi amfibiya hazırlıq qrupu daxildir. “Financial Times” və “Wall Street Journal”ın məlumatına görə, bu qüvvələrin göndərilməsi ilə regiondakı ABŞ aviadaşıyıcı zərbə qruplarının sayı üçə çata bilər.
Bu arada İran xəbərdarlıq edib ki, ABŞ-nin hücumları bərpa etməsi daha geniş cavaba səbəb ola bilər. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mühibbi bildirib ki, döyüşlər yenidən başlayarsa, İran “müharibənin coğrafiyasını”, istifadə etdiyi silahları və hədəfləri dəyişəcək.
“Reuters” oktyabrın 1-də üç yüksəkvəzifəli İran rəsmisinə və müzakirələrdən xəbərdar bir mənbəyə istinadla yazıb ki, ABŞ genişmiqyaslı hücumları bərpa edərsə, İran “daha geniş və daha güclü cavab” verməyə hazırlaşır. İran komandirləri mümkün hədəflərin dairəsini ABŞ ilə əlaqəli obyektlərdən kənara çıxarmaq planlarını nəzərdən keçirirlər. Bu planlar ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələri və ehtimal ki, Yaxın Şərqdən kənardakı məkanları da əhatə edir.
İki rəsmi bildirib ki, İran Livan, Yəmən və İraqdakı müttəfiq qruplaşmalara da koordinasiyalı cavaba hazırlaşmaq göstərişi verib. “Reuters”in məlumatına görə, hələ yekun qərar qəbul edilməyib.